İkinci Qarabağ müharibəsində ordumuzun qazandığı şanlı Qələbənin əsasında əsgər və zabitlərimizin qəhrəmanlığı və vətənpərvərliyi dayanır. Dövlətimizin başçısı bunu dəfələrlə vurğulayıb ki, bu, yeni nəsil müharibə üsuludur.
Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin torpaqları tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğumuzu əyani nümayiş etdirir. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə geniş quruculuq işləri gedir. Qələbəmizin əbədiləşdirilməsi üçün mühüm addımlar atılır. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara həyat qayıdır. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin hazırda Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Müasir tələblər səviyyəsində qurulan torpaqlarımıza soydaşlarımızın qayıdışı mərhələli şəkildə həyata keçirilir. Hazırda 6 şəhər, 2 qəsəbə və 20-dən artıq kənd sakinlərinə qovuşub.
44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərin 2023-cü ildə tamamlanması rəmzi məna daşıyır. 2023-cü il oktyabrın 15-də Müzəffər Ali Baş Komandan İlham Əliyev müqəddəs Azərbaycan Bayrağını Xankəndidə, Ağdərədə, Xocalıda və Xocavənddə ucaltdı. Dövlət başçısı İlham Əliyev Xankəndidən xalqa müraciətində böyük qürur hisi ilə bildirdi ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.
Prezident İlham Əliyevin Sərəncamı ilə azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi şanlı Qələbəmizin əbədiləşdirilməsinə xidmət edən mühüm addımlar sırasındadır. Bu Sərəncama əsasən, 8 noyabr, həmçinin Şuşa Şəhəri Günüdür. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli Ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallığa çevrildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli Bayrağımızı ucaltdı. Biz uzun illər davam edən ayrılıqdan sonra doğma Şuşaya qayıtdıq. Bu qayıdışımızla Şuşaya yeni ruh, yeni nəfəs gəldi. Azadlığına qovuşmuş qədim şəhər artıq böyük quruculuq, təmir-bərpa işlərinin, möhtəşəm tədbirlərin şahidinə çevrilib. Düşmən tapdağından azad edilmiş Şuşanın yeni inkişaf dövrü başlayıb. Ötən beş ildə Şuşa şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Bunlardan biri igid oğullarımızın Şuşaya doğru dağların, meşələrin qoynu ilə irəliləyərək açdığı cığır boyu avtomobil yolunun salınmasıdır. Prezident İlham Əliyev Şuşaya 101 kilometr uzunluğu olan bu yolu “Zəfər Yolu” adlandırdı. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2024-cü il 21 oktyabr tarixində “Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib. Şəhərin kopseptual sxemi hazırlanarkən yerləşdiyi coğrafiyanın təbii xüsusiyyətləri, tarixi-mədəni strukturu və gələcək yönümlü həllər əsas rol oynayıb. Baş planda şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər nəzərə alınmış, şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarının nəzərə alınması ilə məskunlaşmanın aparılması prinsipi qorunub. Şuşa şəhəri tarixən Azərbaycanın mədəni, ictimai, siyasi həyatının mühüm mərkəzlərindən biri olub.
Soltanova Zahidə
Saatlı Dövlət Rəsm Qalereyasının bələdçisi
