Bu gün Azərbaycan və Özbəkistan müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanmış qüdrətli müstəqil dövlətlərdir. Azərbaycan Prezidentinin ilk dövlət səfərini Özbəkistana etməsi ikitərəfli münasibətlərin yüksək səviyyəsinin, xalqlarımızın dostluğunun və qardaşlığının əyani təzahürüdür.
Dövlətimizin rəhbəri cənab İlham Əliyev Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə səfəri ərəfəsində Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində bildirmişdir ki, “Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ən yüksək müttəfiqlik səviyyəsindədir. Azərbaycan-Özbəkistan əməkdaşlığı, dövlət rəhbərləri və xalqlar arasında dostluq və qardaşlıq münasibətləri bu baxımdan dünya ölkələrinə bir nümunə ola bilər.
Dövlət başçısı müsahibəsində siyasi dialoqdan tutmuş iqtisadi əməkdaşlığa, nəqliyyat-kommunikasiya layihələrindən mədəni-humanitar əlaqələrə qədər bütün sahələrdə əldə edilmiş nəticələri dəyərləndirdi, iki ölkənin gələcək inkişaf vizionuna dair mühüm mesajlar verdi.
Prezident İlham Əliyev bildirib ki, ölkələrimizi yalnız coğrafi yaxınlıq deyil, həm də tarixi-mədəni əlaqələr, ortaq dini və mənəvi dəyərlər, adət-ənənələr birləşdirir. O, Azərbaycanın region ölkələri ilə ən yüksək səviyyədə əməkdaşlığının inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulayıb.
Son illərdə Mərkəzi Asiya ölkələri ilə siyasi dialoq və qarşılıqlı səfərlər intensivləşməkdədir, son üç ildə Mərkəzi Asiya dövlət başçılarının Azərbaycana təxminən 30 səfəri olub, dövlət başçımız isə bu müddətdə qardaş ölkələrə 13 dəfə səfər edib. Bu dinamika münasibətlərimizin yüksək səviyyəsini əyani şəkildə nümayiş etdirir.
Bu gün Azərbaycan–Özbəkistan münasibətləri ən yüksək – müttəfiqlik səviyyəsindədir. Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan Mərkəzi Asiya ölkələrindən fiziki olaraq ayrılsa da, Xəzər dənizi əslində bu ölkələri birləşdirən mühüm amildir. Belə ki, Xəzər dənizi sadəcə coğrafi anlayış deyil, xalqlarımızın tarixi əməkdaşlığının, iqtisadi potensialının və birliyinin simvoludur. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə arasında yaranmış şəxsi dostluğun və qarşılıqlı etimadın münasibətlərin inkişafında mühüm rol oynadığını xüsusi qeyd edib.
Aydın Hüseynov,
Cəlilabad şəhər sakini, siyasi şərhçi
