Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir.
Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsini və Proqramını qəbul etdi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı.
Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir. Bu əsasda hazırda müstəqil dövlətimizin çiçəklənməsi və möhkəmləndirilməsi real prosesə çevrilmişdir, dövlətçilik ənənələrinin zənginləşdirilməsi uğurla davam etdirilir, xalqımızın nailiyyətləri bütün dünyanın gözü qarşısındadır. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Regionlarda mühüm tədbirlər həyata keçirilmiş, yaşayış məntəqələri sosial-mədəni cəhətdən simasını tanınmaz dərəcədə dəyişdirmiş, rayonlarımızın iqtisadiyyatı artmışdır. İnsanların yaşayış şəraiti əvvəlki dövrlərə nisbətən xeyli yaxşılaşmışdır. Bu da, inkişafımızın düşünülmüş qaydada, dərin elmi-nəzəri əsaslarla hazırlanmasından, vətəndaşlarımızın qadir əməklə çalışmasından irəli gəlir. Bütün bunların nəticəsində əhalinin xoşbəxt gələcəyə, işıqlı sabaha inamı artır, müstəqilliyimizin dayaqları möhkəmlənir, gələcək nəsillərin firavan həyatı üçün etibarlı təminat yaranır.
Ən əsası da odur ki, nailiyyətlər heç də boş yerdə yaranmır, bütün qələbələrin möhkəm təməli, bünövrəsi, kökləri var. Bu günkü inkişafımızın təməl daşlarını ümummilli liderimiz, dahi şəxsiyyət, dərin zəkalı fenomen insan Heydər Əliyev qoymuşdur. Ulu öndərimizin özünün müəllifi olduğu, vaxtında başladığı, həyatımızın bütün sahələrini əhatə edən islahatların sayəsində biz tənəzzüldən tərəqqiyə doğru çətin, lakin şərəfli bir yolu uğurla keçə bilmişik. Hələ 1969-cu ildə yaradılmış təməl məhz Heydər Əliyev tərəfindən qoyulduğu üçün sarsılmazdır.
Xudayar Sultanlı,
ADPU Cəlilabad filialının direktoru, YAP fəalı
