• Şb. Dek 6th, 2025

Kəlbəcərin azad olunması tarixi Zəfərimizin təsdiqidir 

ByVuqar Ferzeliyev

Noy 19, 2025

         Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış                        10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verilmişdir. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilmişdir.

         Üçtərəfli Bəyanatın şərtlərinə əsasən Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olub.

         Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 5 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi- mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.

         BMT Təhlükəsizlik Şurasının.1993-cü ildəki tarixli 822 saylı Qətnaməsində işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi. Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasəti. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır.

          Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib. Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi.

Fizuli Cəfərov,

Vətən müharibəsi iştirakçıları və

şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri