Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli Qərarı ilə Kəlbəcər şəhərinin işğala qədərki (1969-cu ildə tərtib edilən) son Baş Planında ərazisi 130 ha, əhalisinin sayı isə 7500 nəfər təşkil etdiyi halda, 2040-cı ilədək inkişaf konsepsiyasına uyğun olaraq bu rəqəmlər iki dəfədən çox artacaq (290 hektara yaxın ərazi, 17000 nəfər əhali). Şəhərin mərkəzi ortamərtəbəli çoxmənzilli və inzibati binalardan ibarət olacaq.
Ətrafda isə fərdi yaşayış evlərinin tikintisi aparılacaq. Ümumən 2040-cı ilədək əhalinin 4250 mənzillə təmin olunması nəzərdə tutulub. Şəhərdə həmçinin 4 məktəb, 4 uşaq bağçası, 2 xəstəxana, reabilitasiya mərkəzi, İşğal və Zəfər muzeyləri, mehmanxanalar, müxtəlif ictimai-iaşə obyektləri və idman meydançalarının tikintisi planlaşdırılır. Plana əsasən, şəhər ərazisinin 22%-i yaşıllıqlardan ibarət olacaq, əhali uzunluğu 27 km-dən artıq olan avtomobil, 22 km olan velosiped yollarından rahat şəkildə istifadə edə biləcək.
Kəlbəcər şəhərində 524 ailəlik yaşayış məhəlləsi 19,5 hektar ərazidə layihələndirilib. Birinci mərhələdə buraya 201 ailə köçürülür. Bunun üçün kompleksdə dördmərtəbəli 6 bina tikilib. Binaların hər birində 27 mənzil mövcuddur. Mənzillərin 54-ü ikiotaqlı, 72-si üçotaqlı və 36-sı dördotaqlıdır. Kompleksdə, həmçinin “townhouse” tipli ikimərtəbəli 39 ev də inşa olunub. Bu kompleksə 323 ailənin köçürülməsi planlaşdırılır. Bunun üçün isə müxtəlif tipli dördmərtəbəli 16 çoxmənzilli yaşayış binası, “townhouse” tipli ikimərtəbəli 57 ev inşa olunacaq. Kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılır. Ərazidə park, istirahət guşələri, sosial-məişət obyektləri, avtodayanacaqlar, velosiped yolları, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Prezident İlham Əliyev 2025-ci avqustun 21-də Kəlbəcərə səfəri zamanı buraya köçmüş 20 ailəyə mənzillərin açarlarını təqdim edib. Bu vaxta qədər Kəlbəcərə 81 ailə, 338 nəfər köçürülmüşdür.
Yanşaq kəndinin yenidən qurulması və ümumilikdə 421 ailənin məskunlaşdırılması planlaşdırılıb. Birinci mərhələdə kəndə 218 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 218 evin 50-si ikiotaqlı, 112-si üçotaqlı, 41-i dördotaqlı və 15-i beşotaqlı olacaq. Burada, həmçinin 264 şagird yerlik məktəb, 80 yerlik uşaq bağçası tikiləcək; Zallar kəndində ümumilikdə 487 ailənin məskunlaşması nəzərdə tutulub. Zar kəndində ümumilikdə 855 ailənin məskunlaşması planlaşdırılıb.
Aqil Nəzərov,
Şəhid qardaşı, Vətən müharibəsi iştirakçısı, Komanlı
kənd tam orta məktəbinin müəllimi
