• Şb. Dek 6th, 2025

Siyasətin, hərbi gücün uğurlu nəticəsi

ByVuqar Ferzeliyev

Noy 20, 2025

        Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verilmişdir. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilmişdir.

         İkinci Qarabağ müharibəsində Qələbə bir çoxları üçün sürpriz oldu. Bu, onların xoşuna gəlmədi. Onlar Azərbaycanı zəif, asılı, işğal altında olan və hər zaman münaqişənin həlli üçün yardım istəyən ölkə kimi görmək istəyirlər. İndi isə bir halda ki, Azərbaycan bunu özü etdi və Ermənistanı məğlub etdi, Ermənistana sıx bağlılığı olan Qərbdəki həmin dairələr yenə böyük fəallığa keçiblər. Bunlar gözlənilən hallardır, biz bilirdik ki, Azərbaycana qarşı yeni qarayaxma kampaniyası planlaşdırılır. Amma bütün çirkin hekayələrin Azərbaycan xalqı üçün heç bir mənası yoxdur.

   Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi ədalət bərpa olundu. İşğaldan, əsirlikdən azad edilən torpaqlarımız əsl sahiblərinə qaytarıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində qeyd edib: “Bölgəmizdə yeni reallıq yarandı. Bu reallığı biz yaratdıq. Azərbaycan yaratdı bu reallığı. Biz düşməni torpaqlarımızdan qovduq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdik. Bu qətnamələr 27 il idi ki, kağız üzərində qalırdı. Bu qətnamələr 27 il idi ki, sadəcə olaraq, bir çoxları üçün kağız parçası idi, təkcə Ermənistan üçün yox, başqaları üçün də. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdik, ərazi bütövlüyümüzü bərpa etdik.

    Müqəddəs torpaqlarımızın bir hissəsi olan Kəlbəcərin azad edilməsi Azərbaycan Ordusunun zəfər yolunda mühüm vəsilədir. On minlərlə fərarisi olan ordu qabağımızda duruş gətirə bilməzdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 9500-ə yaxın hərbi qulluqçumuz “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Vətənin hər bir mükafatı qəhrəman şəhidlərimizə, igid qazilərimizə ana südü qədər halaldır!

Kamil Düniyev,

II qrup əlil, Vətən müharibəsi iştirakçısı Polkovnik leytenant