• Şb. Dek 6th, 2025

Kəlbəcərə inzibati rayon statusu 1930-cu ildə verilib.

ByVuqar Ferzeliyev

Noy 25, 2025

1930-cu il 8 avqust tarixində inzibati rayon statusu verilən Kəlbəcərin 3054 kvadrat kilometr ərazisi var. İşğala qədər rayonun əhalisi 60 min nəfər təşkil edirdi. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi. Kəlbəcər rayonu Dağlıq Qarabağ müharibəsi başlayandan iki tərəfdən mühasirədə idi. 1992-ci ildə Laçının işğalından sonra Kəlbəcərin daha bir tərəfi bağlandı və rayon 3 tərəfdən düşmən mühasirəsində qalmışdı. Kəlbəcərin Azərbaycanın digər bölgələri ilə əlaqəsi yalnız 3700 metr hündürlükdə olan Murov dağı vasitəsilə həyata keçirilirdi. Ermənistan silahlı qüvvələri Kəlbəcərin mühasirədə qalmasından yararlanaraq 1993-cü il aprelin 2-də oranı işğal etdilər. İşğal nəticəsində 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, həmçinin Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100-lərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanmışdı. Ermənistan həmçinin bölgədə qanunsuz məskunlaşdırma siyasəti həyata keçirmiş, bu isə beynəlxalq hüququn kobud şəkildə pozulması idi. BMT Təhlükəsizlik Şurasının 822 saylı Qətnaməsində Kəlbəcərin qeyd-şərtsiz azad edilməsi tələb olunsa da, Ermənistan buna məhəl qoymamışdır. 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Kəlbəcərin şimal hissəsində mühüm strateji yüksəklikləri işğaldan azad edərək Ermənistanın Basarkeçər-Kəlbəcər istiqamətində hərəkət imkanlarını məhdudlaşdırmışdır. Prezident cənab İlham Əliyevin sözləri ilə: “Strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq”. Bununla düşmən hərbi baxımdan tam həllolunmaz vəziyyətə salınmış, nəticədə Üçtərəfli Bəyanata əsasən 25 noyabr 2020-ci ildə Kəlbəcər döyüşsüz Azərbaycana qaytarıldı. Bu, Azərbaycanın siyasi-hərbi gücünün parlaq təzahürü idi. Erməni sakinlərin bölgəni boşaldarkən evləri, bağları yandırması, infrastrukturun qəsdən məhv edilməsi bir daha erməni vandalizminin mahiyyətini göstərdi. Beynəlxalq hüquqa əsasən, işğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması hərbi cinayət hesab olunur. Kəlbəcərdə baş verənlər isə bu cinayətlərin ən bariz nümunələridir.
Sürəyya Zeynalova
Saatlı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru