• Ç. Dek 10th, 2025

Etibarlı tərəfdaş imici, əməkdaşlığın strateji üfüqləri

ByVuqar Ferzeliyev

Dek 9, 2025

Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə birgə Bratislavada keçirilən mətbuat konfransında bildirib ki, Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır. Keçən il Slovakiya ilə Azərbaycanın Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb ki, bu sənəd iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldıran sənəddir. Həmin sənəd imzalandıqdan sonra bütün istiqamətlər üzrə əməkdaşlıq genişlənib.

Slovakiya ilə əlaqələr Avropa İttifaqı kontekstində müstəqil və milli maraqlara əsaslanan siyasətin nümunəsidir. Diplomatik səfərlər, parlament dialoqları və iqtisadi layihələr Slovakiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlığa doğru sistemli və davamlı inkişaf etdiyini göstərir. Slovakiya nümunəsi həm də onu göstərir ki, İttifaqın üzvü olan ölkələr milli maraqları qorumaqla bərabər, eyni zamanda, blokun ümumi siyasətinə uyğun əməkdaşlıq apara bilirlər. Bu əməkdaşlıq həm iki ölkənin maraqlarına xidmət edir, həm də regionda iqtisadi və siyasi sabitlik üçün önəmli model formalaşdırır, yeni investisiya imkanları açır və sülhün iqtisadi dividendlərinin reallaşmasına şərait yaradır.

Bütün istiqamətlər üzrə bizim müştərək komandalarımız fəal işləyir. Ənənəvi əməkdaşlıq sahəsi olan energetika üzrə konkret layihələr icra edilir. Keçən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya təchiz edilmişdir və Slovakiyanın ehtiyacları olan səviyyədə, istənilən həcmdə Azərbaycan enerji resurslarını təmin edə bilər.

Azərbaycanın zəngin qaz yataqlarımız bu gün imkan verir ki, dünyanın bir çox ölkələrinə təbii qazı ixrac edək. Azərbaycan qazını almış ölkələrin sayı 14-ə çatıb. Biz boru kəmərləri ilə ixrac edilən qazın təchizatçı ölkəsi olaraq birinci yerdəyik. Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır.

Prezident İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri dost ölkələr arasında əməkdaşlıq əlaqələrinin genişlənməsi ilə bərabər iki ölkənin maraqlarına xidmət edir. Həmçinin regionda iqtisadi və siyasi sabitlik üçün önəmli model formalaşdır, yeni investisiya imkanları açır. Dövlətimizin başçısı İlham Əliyevin xarizması, nümunəvi davranışları, özünəməxsus idarəçilik qabiliyyəti, siyasət elmini dərindən bilməsi, həmçinin Azərbaycanın xarici ölkələrlə münasibətlərinin qurulmasında və inkişafında sərgilədiyi yanaşma, atdığı hər bir imzasına verdiyi dəyər ölkəmizin beynəlxalq nüfuzunu günü-gündən yüksəldib, etibarlı tərəfdaş imicini qazandırıb.

Vəliağa Məmmədov

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin direktor əvəzi