• C. Dek 19th, 2025

İnsan amilinə verilən dəyər

ByVuqar Ferzeliyev

Dek 18, 2025
  Azərbaycanda humanizm və sosial ədalət prinsiplərinə əsaslanan hüquqi siyasətin mühüm təzahürlərindən biri amnistiya institutudur. İnsan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

   Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin amnistiya aktına imza atması ölkə ictimaiyyəti tərəfindən böyük razılıq və rəğbətlə qarşılanmışdır. Prezident amnistiya təşəbbüsü Azərbaycan dövlət idarəçiliyində humanizm anlayışının sistemli və dərin məzmunlu siyasət xətti olduğunu bir daha nümayiş etdirir. Bu təşəbbüs hüquqi prosedur çərçivəsindən kənara çıxaraq dövlətlə vətəndaş arasında mənəvi bağlılığı gücləndirən, ictimai vicdana ünvanlanan mühüm mesaj mahiyyəti daşıyır. Burada əsas yanaşma cəzanın özü deyil, insan taleyinə mərhəmətli, həssas və məsuliyyətli münasibətdir.

   Amnistiyanın məhz Konstitusiya və Suverenlik İli ilə əlaqələndirilməsi təsadüfi deyil. Bu, Azərbaycan dövlətçiliyinin hüquqi əsaslarının möhkəmləndirilməsi, milli suverenliyin yalnız hərbi-siyasi deyil, həm də sosial-psixoloji müstəvidə möhkəmlənməsi mesajını verir. Bu o deməkdir ki, dövlət eyni zamanda, mərhəmət və ədalət balansını da qoruyur.
  Vətən müharibəsi və 2023-cü ilin sentyabr antiterror əməliyyatlarında iştirak edənlərin, şəhid və itkin düşənlərin ailə üzvlərinin, əlillərin, qadınların, yaşlıların və yetkinlik yaşına çatmayanların amnistiya çərçivəsinə daxil edilməsi hakimiyyətin sosial ədalət prinsipinə verdiyi önəmi ortaya qoyur. Bu, cəmiyyətin həssas təbəqələrinə yönəlmiş konkret siyasi və mənəvi dəstəkdir.

  Amnistiya təşəbbüsündə xüsusi yer ayrılan kateqoriyalar Azərbaycanın son illərdə keçdiyi tarixi yolun məntiqi davamı kimi dəyərləndirilməlidir. Ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan mübarizədə iştirak etmiş şəxslərə, şəhid ailələrinə və müharibənin ağır nəticələrini yaşamış vətəndaşlara göstərilən bu yanaşma dövlətin öz tarixi məsuliyyətini dərk etməsinin ifadəsidir.

   Prezident İlham Əliyevin amnistiya təşəbbüsü Azərbaycan dövlətinin gücünün yalnız siyasi və hərbi imkanlarla ölçülmədiyini, eyni zamanda mənəvi məsuliyyət, sosial ədalət və humanitar dəyərlər üzərində qurulduğunu təsdiqləyir.

Ələkbər Niftiyev

Cəlilabad şəhər, Ş.İ.Xətai adına 4 nömrəli

ümumtəhsil məktəbin direktoru