• C. Dek 19th, 2025

Dayanıqlı inkişafı təmin edən dövlətçilik ənənələri.

ByVuqar Ferzeliyev

Dek 19, 2025

   Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdrik siyasəti, güclü siyasi iradəsi və xilaskarlıq missiyası müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında həlledici rol oynamışdır. XX əsrin sonlarında ölkəmizin üzləşdiyi dərin siyasi, iqtisadi və sosial böhran şəraitində Ulu Öndərin yenidən hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin xilası ilə nəticələndi. Dövlət müstəqilliyinin itirilməsi təhlükəsi, daxili qarşıdurmalar, separatçılıq meylləri və idarəetmədə xaos Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində aradan qaldırıldı, ölkədə sabitlik və inkişafın əsasları yaradıldı.

   Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən fundamental islahatların ən mühüm nəticələrindən biri 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası oldu. Bu sənəd müasir Azərbaycan dövlətçiliyinin hüquqi və institusional əsaslarını müəyyənləşdirdi, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu təsbit etdi. Konstitusiya insan hüquq və azadlıqlarının qorunmasını, hakimiyyət bölgüsü prinsipini, qanunun aliliyini və vətəndaş cəmiyyətinin formalaşmasını dövlətin ali məqsədi kimi müəyyən etdi.

   Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Azərbaycan üçün uzunmüddətli inkişaf strategiyası rolunu oynadı. Milli maraqlara əsaslanan balanslaşdırılmış xarici siyasət, iqtisadi müstəqilliyin təmin edilməsi, enerji strategiyasının formalaşdırılması və güclü dövlət institutlarının yaradılması bu strategiyanın əsas sütunlarını təşkil edirdi. Məhz bu möhkəm siyasi və hüquqi təməl üzərində bu gün müasir, güclü və nüfuzlu Azərbaycan dövləti formalaşıb.

   Ümummilli Liderin siyasi irsi hazırda Prezident İlham Əliyev tərəfindən uğurla, ardıcıl və qətiyyətlə davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regional və qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınır, iqtisadiyyat şaxələndirilir, sosial rifah yüksəlir, dövlətin hərbi və siyasi qüdrəti daha da möhkəmlənir. Ən əsası isə, Heydər Əliyevin ən böyük arzusu olan Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası reallaşdırılmışdır.

   Bu gün Azərbaycan güclü dövlət, müstəqil siyasət yürüdən, milli maraqlarını qətiyyətlə müdafiə edən ölkə kimi inkişaf edir. Bu uğurların təməlində Ümummilli Lider Heydər Əliyevin qurduğu möhkəm dövlətçilik modeli və onun layiqli davamçısı Prezident İlham Əliyevin prinsipial və uzaqgörən siyasəti dayanır. Bu siyasi varislik Azərbaycan dövlətinin sabitliyinin, davamlı inkişafının və gələcəyə inamla irəliləməsinin əsas təminatıdır.

Rauf Salmanov

Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı