Ciddi tarixi və siyasi əsaslara söykənən nailiyyətlər Yeni Azərbaycan Partiyasının yarandığı gündən ölkəmizin ictimai-siyasi fikir tarixinin ən əlamətdar, ən şərəfli səhifələrində yer almasına səbəb olub. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar nəticəsidə Azərbaycanda milli maraqların üstünlük təşkil etdiyi dövr yaşanır. Ölkədə aparılan iqtidar-müxalifət dialoqu nəticəsində əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətləri formalaşmış, ümumdövlət məsələlərində vahid mövqe yaranmışdır.
Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyası olaraq, gücünü ümummilli liderimiz Heydər Əliyevin ideyalarından, xalqın dəstəyindən alaraq böyük inkişaf yolu keçib. 28 ildən artıq dövr ərzində partiya Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ictimai-siyasi sabitliyinin qorunmasına, beynəlxalq nüfuzunun artmasına misilsiz töhfələr verib. Aparılan düzgün siyasət nəticəsində siyasi və iqtisadi sahədə dayanıqlı inkişafı təmin edilib, Azərbaycan beynəlxalq aləmdə çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevrilib, ən əsası, ərazi bütövlüyü bərpa olunub.
Milli maraqların qorunması YAP-ın fəaliyyət strategiyasının mütləq prioritetidir. Ötən Prezident seçkilərindən sonra ərazi bütövlüyümüzün bərpası birinci dərəcəli vəzifə kimi qarşıya məqsəd qoyuldu və bu vəzifə uğurla icra olundu. Verdiyi vədlərə sadiq qalmış Azərbaycan iqtidarı bütün islahatları ardıclıqla icra edir.
Ölkədə sabitliyin qarantı olan və sağlam əməkdaşlıq mühitini doğuran siyasi dialoq ənənələrinə sadiqlik. Siyasi münasibətlərdə iştirak edən tərəflər arasında etibarlı münasibətlərin yaranması üçün təşviq olunan siyasi dialoq prosesinə cəmiyyətin bütün potensialı cəlb olunub. Prezident İlham Əliyevin təşəbbüsü ilə təşviq olunan siyasi dialoq prosesində siyasilər ilə yanaşı, ölkənin elmi dairələri, vətəndaş cəmiyyətinin fəal üzvləri, gənclər hərəkatı, mətbuat və digər sahələrin nümayəndələri iştirak edirlər. Partiyaların həmrəyliyi ölkəmizdə mövcud siyasi potensialın yalnız dövlətin inkişafına və milli maraqlara xidmət etdiyini göstərir.
Prezident İlham Əliyevin fəaliyyəti müasir şəraitdə rasional idarəçilik nümunəsidir. İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi.
Hörmətli Prezident! Əqidədaşlarınız Sizi Ad gününüz münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik arzulayırlar.
