• Be. Dek 22nd, 2025

Sözü və əməli bir olan Prezident

ByVuqar Ferzeliyev

Dek 22, 2025

      2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra İlham Əliyevin rəhbərliyi ilə xalqımız misilsiz nailiyyətlərə imza atmışdır. Ötən dövrdə həyata keçirilmiş ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafını, güclü iqtisadi potensialın formalaşmasını, müasir cəmiyyət quruculuğunu, vətəndaşların rifahını, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlərin effektiv həllini təmin etmiş, ölkəmizin beynəlxalq nüfuzu yüksəlmiş, dünyada strateji əhəmiyyəti artmışdır.

       Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir, humanizm ideyalarına və milli dəyərlərə söykənən siyasətdir. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezidenti İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı.

      Xalqa arxalanan siyasət. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyinin səbəbidir. Sonuncu prezident və parlament seçkilərindən sonra ölkəmizdə başlanan islahatlar yeni mərhələyə qədəm qoydu və bu gün də bu mütərəqqi proses Prezident İlham Əliyevin rəhbərliyi altında əzmlə davam etdirilir.

      Müasir dövrün yeni lideri Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirmişdir. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilmiş, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilmiş və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilmişdir. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən, siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi.

       Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişmiş və region ölkələrinin inkişafı üçün yeni imkanlar açılmışdır. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir.

       Hörmətli Prezident, cənab Ali Baş Komandan! Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Biz Sizi Azərbaycan xalqının inkişafına və rifahına yönəlmiş ölçülüb-biçilmiş siyasət yürüdən müdrik dövlət başçısı və ölkəsinin əsl vətənpərvəri kimi tanıyırıq. Əminik ki, Sizin rəhbərliyiniz ilə vətənimiz bundan sonra da demokratik dövlət quruculuğu, sabit iqtisadi və sosial inkişaf yolu ilə inamla irəliləyəcək. Bu gün Azərbaycan xalqı haqlı qürur hissi keçirir ki, onun prezidenti dünyanın hər yerində öz ölkəsinə, doğma xalqına böyük hörmət və nüfuz qazandırır, Qurucu Prezident gecə-gündüz xalq içərisindədir, bütün bölgələrində quruculuq işlərinə şəxsən rəhbərlik edir.

Məmmədzadə Əliyev,

Cəlilabad Rayon İcra Hakimiyyəti

başçısı aparatının Hüquq şöbəsinin müdiri