Sovet imperiyasının süqutundan sonra baş verən ictimai-siyasi proseslər Azərbaycan xalqının milli özünüdərkində mühüm dönüş nöqtəsi yaratdı. Xüsusilə Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədlərə doğru yürüş etməsi, süni şəkildə yaradılmış maneələrin aradan qaldırılması xalqın birliyə və bütövlüyə olan arzusunun açıq ifadəsi idi. Uzun illər bir-birindən ayrı salınmış Şimali və Cənubi Azərbaycanın nümayəndələrinin sərhəd dirəklərini sökməsi yalnız fiziki baryerlərin deyil, həm də mənəvi ayrılığın aradan qaldırılmasına yönəlmiş tarixi hadisə kimi yadda qaldı. Bu proses azərbaycanlıların bir millət olduğunu dünyaya bir daha nümayiş etdirdi və həmrəylik ideyasının formalaşmasına güclü təkan verdi.
Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin qurulması, onların bir məqsəd ətrafında birləşdirilməsi və milli həmrəyliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımız üçün həmrəylik günü milli kimliyə bağlılığın, vətən sevgisinin və ortaq dəyərlərə sədaqətin ifadəsidir. Bu gün insanları bir-birinə yaxınlaşdırır, mənəvi bağları gücləndirir və azərbaycançılıq ideyasının yaşadılmasına xidmət edir.
Azərbaycan xalqı minilliklər boyu tarixi Azərbaycan torpaqlarında yaşamış, zəngin mədəni irs yaratmış və dünya sivilizasiyasına dəyərli töhfələr vermişdir. Lakin tarix boyu baş verən müharibələr, inqilablar, hərbi münaqişələr və mürəkkəb ictimai-siyasi proseslər nəticəsində Azərbaycan torpaqları parçalanmış, xalqımız ağır sınaqlarla üzləşmişdir. Bu hadisələr minlərlə azərbaycanlının öz doğma yurd-yuvasından didərgin düşməsinə, deportasiyalara məruz qalmasına və bir-birindən ayrı yaşamasına səbəb olmuşdur. Nəticədə azərbaycanlılar tarixi Azərbaycan ərazilərindən dünyanın müxtəlif ölkələrinə yayılaraq geniş diaspora formalaşdırmışlar.
Məhz bu reallıqlar fonunda diaspor fəaliyyətinin təşkilatlanması və gücləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. Prezident İlham Əliyevin “Dünya azərbaycanlılarının II Qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq həmin ilin martın 16-da Bakıda keçirilən mötəbər toplantı bu sahədə yeni mərhələnin əsasını qoymuşdur. Qurultay xaricdə yaşayan azərbaycanlıların pərakəndə diaspor fəaliyyətindən daha sistemli və məqsədyönlü lobbiçilik fəaliyyətinə keçidi baxımından mühüm əhəmiyyət daşımışdır. Bu toplantı ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın haqq səsinin beynəlxalq müstəvidə daha dolğun eşidilməsi istiqamətində mühüm rol oynamışdır.
Qurultayda qəbul olunan qərarlar və müəyyənləşdirilən prioritetlər dünya azərbaycanlılarının vahid məqsədlər ətrafında birləşməsinə, milli maraqların müdafiəsində daha fəal iştirakına şərait yaratmışdır. Xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması, onların yaşadıqları ölkələrin ictimai-siyasi həyatında daha fəal mövqe tutması, Azərbaycan həqiqətlərinin təbliği və milli maraqların qorunması istiqamətində ardıcıl fəaliyyət göstərməsi əsas hədəflərdən biri kimi müəyyən edilmişdir. Bu baxımdan diasporun lobbiyə çevrilməsi ideyası dövlətçilik baxımından strateji əhəmiyyət kəsb edir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü də məhz bu məqsədlərə xidmət edən mühüm ideoloji platformadır. Bu gün parçalanmışlığın mənəvi baxımdan aradan qaldırılmasına, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir amal ətrafında birləşməsinə xidmət edir. Həmrəylik ideyası xalqı ümumi məqsədlər uğrunda səfərbər edir, milli şüuru möhkəmləndirir və gələcəyə inam hissini gücləndirir.
Nəticə etibarilə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü təkcə bir bayram deyil, xalqımızın tarixi yaddaşını, milli kimliyini və birliyini yaşadan mühüm mənəvi dəyərdir. Bu gün hər bir azərbaycanlı üçün qürur, inam və ümid mənbəyidir. Harada yaşamasından asılı olmayaraq bütün soydaşlarımızı vahid Vətən anlayışı ətrafında birləşdirən bu həmrəylik ruhu Azərbaycan xalqının gücünü, iradəsini və gələcək inkişaf yolunu ifadə edir.
Telman Ağayev
Saatlı rayon Heydər Əliyev Mərkəzinin direktoru
