• Şb. Yan 10th, 2026

Böyük əhəmiyyət daşıyan hadisələrdən biri də bizim Çinlə olan strateji tərəfdaşlığımızdır.

ByVuqar Ferzeliyev

Yan 8, 2026

Azərbaycan Respublikasının Çin Xalq Respublikası ilə qurduğu və ardıcıl şəkildə inkişaf etdirdiyi münasibətlər xüsusi əhəmiyyət daşıyır. Böyük siyasi, iqtisadi və geostrateji çəkisi olan Çinlə əlaqələrin strateji müstəviyə yüksəlməsi ölkəmizin uğurlu xarici siyasətinin mühüm göstəricilərindən biridir. Keçən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasına həyata keçirdiyi dövlət səfəri ikitərəfli münasibətlərin tarixində yeni mərhələnin əsasını qoymuşdur. Bu səfər çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” dövlətlərarası əlaqələrin keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini təsdiqləyən mühüm siyasi sənəddir. Sözügedən Bəyannamə təkcə diplomatik münasibətlərin inkişafını deyil, eyni zamanda siyasi dialoq, iqtisadi əməkdaşlıq, nəqliyyat-logistika, energetika, texnologiya və humanitar sahələrdə geniş perspektivlər açır.
Azərbaycan–Çin münasibətlərinin əsas xüsusiyyətlərindən biri qarşılıqlı hörmət, bərabərlik və bir-birinin suverenliyinə dəstək prinsiplərinə söykənməsidir. Azərbaycan “Vahid Çin” siyasətini ardıcıl şəkildə dəstəkləyir, Çin isə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü məsələsində daim prinsipial mövqe nümayiş etdirir. Bu qarşılıqlı siyasi dəstək tərəfdaşlığın möhkəm təməl üzərində qurulduğunu göstərir və iki ölkə arasında etimad mühitini daha da gücləndirir. İqtisadi əməkdaşlıq Azərbaycan–Çin strateji tərəfdaşlığının əsas istiqamətlərindən biridir. Çin Azərbaycanın mühüm ticarət tərəfdaşlarından biri olmaqla yanaşı, ölkəmizin qeyri-neft sektorunun inkişafında, sənaye və infrastruktur layihələrində də böyük potensiala malikdir. Azərbaycan isə öz növbəsində əlverişli coğrafi mövqeyi, sabit siyasi mühiti və inkişaf edən nəqliyyat infrastrukturu ilə Çin üçün etibarlı tərəfdaşdır. “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Azərbaycanın rolu xüsusi vurğulanmalı, Orta Dəhliz vasitəsilə Asiya ilə Avropa arasında əlaqələrin genişləndirilməsində ölkəmizin strateji əhəmiyyəti qeyd edilməlidir.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq hərtərəfli strateji tərəfdaşlığın praktik nəticələrindən biridir. Azərbaycan üzərindən keçən beynəlxalq nəqliyyat marşrutları Çin mallarının Avropa bazarlarına daha qısa və təhlükəsiz şəkildə çatdırılmasına imkan yaradır. Bu isə regionda iqtisadi fəallığın artmasına, yeni investisiya imkanlarının yaranmasına və qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə xidmət edir.
Azərbaycan ilə Çin arasında imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə müasir dövrdə ölkəmizin əldə etdiyi mühüm diplomatik uğurlardan biridir. Bu sənəd Azərbaycanın qlobal siyasətdə artan rolunu, müstəqil və praqmatik xarici siyasətinin səmərəliliyini aydın şəkildə nümayiş etdirir. Çin kimi aparıcı dünya dövləti ilə strateji tərəfdaşlıq münasibətləri Azərbaycanın beynəlxalq mövqelərini daha da möhkəmləndirir və gələcək inkişaf üçün geniş imkanlar açır.
Bu tərəfdaşlıq yalnız bugünkü reallıqların deyil, həm də gələcək çağırışların uğurla qarşılanmasına xidmət edən strateji xəttdir. Azərbaycan–Çin münasibətlərinin dərinləşməsi regional sabitliyə, beynəlxalq əməkdaşlığa və qarşılıqlı faydaya əsaslanan yeni münasibətlər sisteminin formalaşmasına mühüm töhfə verəcəkdir.
Səmədova Gülnarə
Saatlı Dövlət Rəsm Qalereyasının elmi işçisi