Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti ilə birgə həyata keçirdiyi strateji əhəmiyyət daşıyan “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılış mərasimi keçirilib.
Öncə qeyd edək ki, 2020-ci ilin 9 yanvar tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında İcra müqaviləsi imzalanıb. Müqaviləyə uyğun olaraq “ACWA Power” şirkəti tərəfindən 240 MVt gücündə külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin icra edilməsi nəzərdə tutulub. Bu istiqamətdə 2020-ci ilin 30 dekabr tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında 240 MVt gücündə külək elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb.
İlkin hesablamalara görə, stansiya tərəfindən illik 1 milyard kVt·st elektrik enerjisi istehsal olunacaq, bu isə ildə 220 milyon kub metr təbii qaza qənaət etməyə, 400 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa və 300 min evi elektrik enerjisi ilə təmin etməyə imkan verəcək. Layihənin ümumi dəyəri təqribən 300 milyon ABŞ dolları təşkil edir və tam olaraq xarici investisiya hesabına həyata keçirilməsi nəzərdə tutulub.
Prezident İlham Əliyev tədbirdəki çıxışında Azərbaycanın gözəl investisiya iqlimini vurğulayaraq, ölkəyə 300 milyard dollardan çox xarici sərmayə cəlb edildiyini bildirdi. Ölkənin maliyyə vəziyyəti çox müsbətdir və bu, dünyanın aparıcı reytinq agentlikləri tərəfindən də qiymətləndirilir.
Azərbaycanın kredit reytinqi artırılaraq investisiya və müsbət proqnozu olan səviyyəyə qaldırılıb. Xarici borc ümumi daxili məhsulun təqribən 6 faizindən bir qədər çoxdur ki, bu da çox aşağı göstəricidir. Valyuta ehtiyatları isə xarici borcu 16-17 dəfə üstələyir və bu göstəriciyə görə Azərbaycan dünya miqyasında aparıcı ölkələr sırasındadır. Ölkədə siyasi, iqtisadi və sosial sabitlik hökm sürür. Beş ildir ki, Azərbaycan rəsmən sülh şəraitində yaşayır və genişmiqyaslı quruculuq işləri aparılır. Prezident qeyd etdi ki, Azərbaycan sərmayə qoyuluşu üçün əlverişli məkandır və xarici şirkətlərin ölkəyə inamı tam əsaslıdır.
Ədalət Əsgərov,
Cəlilabad Rayon Ağsaqqallar Şurasının Sədri
