Azərbaycan böyük bərpaolunan enerji potensialına malik ölkədir. Tarixən neft ölkəsi kimi tanınmasına baxmayaraq bu gün qaz və elektrik enerjisi ixracatçısı kimi də mövqeyini möhkəmləndirir. Ölkəmiz regionda yaşıl enerjiyə keçidə hədəflənən qabaqcıl yanaşmaların tətbiqi üzrə liderdir və iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə verir. Azərbaycanla həm ənənəvi enerji, həm də bərpaolunan enerji sahəsində əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı artır. 2030-cu ilədək respublikamızın yaşıl artım ölkəsinə çevrilməsinin və təmiz ətraf mühitə nail olmağın sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyənləşdirilməsi Azərbaycanın enerji sahəsində atdığı qlobal addımların tərkib hissəsidir. Bu gün ölkəmizin müxtəlif yerlərində bərpaolunan enerji növləri inkişaf edir. Yanvarın 8-də Prezident İlham Əliyevin iştirakı ilə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılışı ölkəmizin enerji tarixində əlamətdar hadisə kimi yadda qaldı. Bu stansiyanın istifadəyə verilməsi Azərbaycanın bərpaolunan enerji mənbələrinin inkişafına verdiyi strateji önəmi, enerji təhlükəsizliyinə yönəlmiş ardıcıl siyasəti və ekoloji dayanıqlığı təmin etmək məqsədini nümayiş etdirir. Gücü 240 meqavat olan bu müasir stansiya ölkəmizin enerji balansını gücləndirməklə yanaşı, iqtisadi inkişafın sürətlənməsinə və “yaşıl enerji” strategiyasının reallaşmasına da mühüm töhfə verəcək. Prezident İlham Əliyev açılış mərasimində layihənin icrasında əməyi olan bütün şəxslərə və “ACWA Power” şirkətinə təşəkkürünü bildirdi, ölkəmizdə bərpaolunan enerji sahəsində gələcək planların uğurla həyata keçiriləcəyini vurğuladı.
Əsmər Əliyeva
Saatlı Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı
