• Ça. Yan 13th, 2026

Əhalinin dayanıqlı su təminatı prioritet məsələdir

ByVuqar Ferzeliyev

Yan 14, 2026

            Qlobal iqlim dəyişməsi və orta temperaturun yüksəlməsi, yağıntıların və çaylarda sululuğun əhəmiyyətli dərəcədə azalması, digər tərəfdən suvarma və içməli su təchizatı üzrə şəbəkələrin genişləndirilməsi nəticəsində suya tələbatın artması öz növbəsində su çatışmazlığını şərtləndirir. Ölkə üzrə yerüstü su ehtiyatlarının təqribən 75 faizi qonşu ölkələrdən daxilolmaların hesabına formalaşır və qlobal iqlim dəyişikliyi həmin su axımlarının həcminə də öz təsirini göstərir.

            Yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirədə qeyd olunmuşdur ki, Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Dövlət Proqramının əsas məqsədi Bakı və Abşeron yarımadasında əhalinin dayanıqlı su təminatını təşkil etməkdir.

            Son 20 il ərzində həyata keçirdiyimiz layihələrdən biri də tamamilə yenidən qurulmuş Oğuz-Qəbələ-Bakı su kəməridir. Əgər bu su kəməri tikilməsəydi, bu gün Bakıda su qıtlığı özünü çox ciddi şəkildə göstərmiş olardı. Samur-Abşeron su kanalı vaxtilə yenidən inşa edilmişdir. Bu, tam beton kanaldır və orada itkilər kifayət qədər azdır. Ancaq yenə də bu kanalın infrastrukturunun inkişafı ilə bağlı tədbirlər nəzərdə tutulur ki, “Ceyranbatan” su anbarı dayanıqlı su ilə təmin edilsin.

             Proqram 2035-ci ilə qədər icra olunmalıdır. Bu fakt özlüyündə göstərir ki, nə qədər genişmiqyaslı proqramdır, çünki vaxt lazımdır biz bunu tam icra edək. Proqramın icrası üçün maliyyə mənbələri müəyyən edilib. Bu, iki mənbədən maliyyələşəcək, həm dövlət büdcəsi hesabına, həm də xarici kreditlər hesabına.

            Dənizə buraxılan sular 100 faiz təmizlənməlidir. Xəzər dənizinin çirklənməsinin əsas amillərindən biri də budur. Ona görə burada da  lazımi əlavə tədbirlər görüləcək. Hövsan sutəmizləyici stansiyasının modernləşdirilməsi və potensialının genişləndirilməsi də gündəlikdə duran məsələdir. 

             Su sektorunda rəqəmsal idarəetmə sistemi də tətbiq olunacaq. Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq üçün ilk dəfə olaraq ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək. Xəzər dənizinin suyu o qədər də duzlu deyil, yəni tam əminlik var ki, duzsuzlaşdırma nəticəsində əhali təmiz və keyfiyyətli içməli su ilə təmin ediləcək və eyni zamanda, suvarma üçün də böyük mənbə yaranacaqdır.

                                                                                                              Vahid Mirzəyev,

                                                                                     Cəlilabad bələdiyyəsinin sədri