• Ça. Yan 20th, 2026

“Bakı əməliyyatı”

ByVuqar Ferzeliyev

Yan 21, 2026

   “Bakı əməliyyatı”na rəhbərlik birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin və SSRİ DTK sədrinin müavini Filip Babkov tərəfindən həyata keçirilirdi. Əməliyyatın hazırlanması və icrası zamanı beynəlxalq hüquq normaları və insan haqları kobud şəkildə pozulmuşdur. Tətbiq edilən fövqəladə vəziyyət haqqında əhali əvvəlcədən xəbərdar edilməmiş, bu isə dinc insanların təhlükəsizliyini tamamilə arxa plana keçirmişdir. Rəsmi olaraq fövqəladə vəziyyətin 1990-cı il yanvarın 20-də saat 00:00-dan qüvvəyə minməsinə baxmayaraq, sovet qoşunları yanvarın 19-da saat 21:00-dan etibarən Türkan–Qala istiqamətindən başlayaraq Bakıya yeridilmişdir.

   Şəhərin müxtəlif istiqamətlərindən daxil olan sovet ordusunun xüsusi təyinatlı dəstələri və daxili qoşunların iri kontingenti Bakını faktiki olaraq hərbi işğala məruz qoymuşdur. Bu proses misilsiz qəddarlıqla müşayiət olunmuş, silahsız və dinc əhaliyə qarşı ağır hərbi texnika və odlu silahlardan istifadə edilmişdir. Küçələrdə qarşılarına çıxan insanlara atəş açılmış, avtomobillər əzilərək dağıdılmış, yaralılara tibbi yardım göstərilməsinə maneələr törədilmişdir. Fövqəladə vəziyyətin rəsmi tətbiqindən öncə, yəni hüquqi əsas olmadan həyata keçirilən bu hərbi müdaxilə nəticəsində 82 nəfər amansızcasına qətlə yetirilmiş, 20 nəfər isə aldığı ağır yaralardan həyatını itirmişdir.

   Bu faktlar sovet rəhbərliyinin öz vətəndaşlarına qarşı planlı və məqsədli zorakılıq siyasəti apardığını açıq şəkildə sübut edir. “Bakı əməliyyatı” yalnız hərbi tədbir deyil, eyni zamanda Azərbaycan xalqının azadlıq iradəsini boğmaq məqsədi daşıyan qanlı bir cəza aksiyası idi. Nəticədə baş verənlər 20 Yanvar faciəsinin miqyasını və onun insanlığa qarşı törədilmiş ağır cinayət olduğunu bir daha təsdiqlədi.

Telman Ağayev

Saatlı rayon Heydər Əliyev Mərkəzinin direktoru