Prezident İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibəsində beynəlxalq aləmə çox ciddi mesajlar verib. Dövlətimizin başçısı deyib ki, Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və onları Cənubi Qafqazın digər ölkələrinə ixrac edən yeganə ölkədir. Bölgənin digər ölkələri - uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə isə bizim enerji əməkdaşlığımız artmaqdadır. Biz artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir.
Biz təbii resurslara, nəqliyyat sisteminə və müasir boru kəmərlərinə malikik. Bizim bir çox Avropa ölkəsi ilə yaxşı münasibətlərimiz var və bu, onlar üçün öz enerji təhlükəsizliyini gücləndirmək imkanıdır. Bizim üçün isə bu, premium bazarda ehtiyatlarımızı satmaq fürsətidir. Baxmayaraq ki, biz qazı təkcə Avropaya satmırıq, bu yaxınlarda Suriyaya da ixrac etməyə başlamışıq. Ancaq qiymət baxımından ən yaxşı bazar, əlbəttə ki, Avropa bazarıdır.
Gördüyümüz kimi, neftin qiyməti sabitdir – ən azı Azərbaycan üçün məqbul səviyyədədir. Bu, İranda, Venesuelada və ya dünyanın digər bölgələrində olan vəziyyətin neftin qiymətinə ciddi təsir göstərmədiyini nümayiş etdirir. Bu, yaxşı göstəricidir, çünki həm hasilatçıların, həm də istehlakçıların gələcəklərini planlaşdırmaq üçün vəziyyətin proqnozlaşdırıla bilməsinə ehtiyacı var.
Prezident İlham Əliyevin prinsipial və qətiyyətli siyasəti bu kimi cəhdlərin qarşısında keçilməz bir səddə çevrilib – Azərbaycan öz suverenliyini tam bərpa edərək diktə edən tərəf statusunu qoruyub. Həmçinin regionda “boz zonalar”a və separatizm qalıqlarına son qoyulub. Bütün təzyiqlərə baxmayaraq, milli maraqlar hər şeydən üstün tutulub.
Qeyd edək lki, budəfəki Dünya İqtisadi Forumu cari il yanvarın 20-dən 24-dək İsveçrənin Davos-Klosters şəhərində keçirilir. Forum qlobal çağırışları həll etmək və yaranan imkanları araşdırmaq üçün 350 hökumət nümayəndəsi və 60 dövlət və hökumət başçısı daxil olmaqla 130-dan çox ölkəni bir yerə toplayır.
Əliyusif Aslanov,
“Cəlilabad Tibb Kolleci” Publik Hüquqi Şəxsin direktoru
