Azərbaycan rəhbərliyinin bu nüfuzlu beynəlxalq platformada iştirakı ölkəmizin artan beynəlxalq nüfuzunun, qlobal proseslərdə fəal mövqeyinin bariz göstəricisidir. Bildiyiniz kimi, cənab Prezident İlham Əliyevin Davos Forumunda çıxışları və keçirdiyi yüksək səviyyəli görüşlər hər zaman beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olur və böyük maraqla qarşılanır.
Prezident İlham Əliyevin Davos Forumundakı fəaliyyəti Azərbaycanın beynəlxalq imicinin güclənməsinə, regional lider dövlət kimi mövqeyinin möhkəmlənməsinə və qlobal proseslərdə fəal iştirak edən müasir dövlət kimi tanınmasına xidmət edir.
Davos Forumu Azərbaycan üçün yalnız iqtisadi və investisiya imkanlarının təşviqi baxımından deyil, həm də siyasi-diplomatik və ideoloji müstəvidə mühüm əhəmiyyət daşıyır. Bu platforma vasitəsilə Azərbaycan öz milli maraqlarını, strateji prioritetlərini və gələcək inkişaf baxışını qlobal auditoriyaya effektiv şəkildə təqdim edir.
Prezident İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibəsində qeyd edib ki, Azərbaycan da daxil olmaqla, hər bir ölkə özünün sərhədləri boyu sabitlik haqqında düşünməlidir. Azərbaycana gəldikdə, bizdə ölkə daxilində potensial risklər mövcud deyil. Bütün potensial risklər kənardan qaynaqlana bilər. Bu səbəbdən biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük. Biz İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq. Bizim üçün regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir. Biz işğaldan və müharibədən əziyyət çəkmişik, minlərlə qurban vermişik. Bu gün sülhün və sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə yoludur.
Bəli, qlobal ixtilaflar zamanında Azərbaycanın sabitlik avanqardı kimi çıxış etməsi beynəlxalq aləmdəki dostlarının sayını artırır. Dünya dəyişdikcə Azərbaycanın güclü dövlət, xoşbəxt gələcək, müstəqil siyasət, sülhpərvərlik əzmi və strateji hədəfləri dəyişməz olaraq qalır: Ümid edirik ki, Cənubi Qafqazda və region ətrafında vəziyyət pisləşməyəcək. Bizim istəyimiz, həqiqətən, bunu görməkdir. Ümid edirik ki, bizimlə bərabər hər bir ölkə regional sabitliyə və təhlükəsizliyə öz töhfəsini verəcəkdir.
Ələsgər Mirzəzadə,
ADPU Cəlilabad filialının müəllimi, tarixçi tədqiqatçı
