2026-cı il yanvarın 20-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində cənab Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycanın beynəlxalq arenadakı mövqeyinin, strateji baxışının və siyasi prioritetlərinin aydın şəkildə ifadə olunduğu mühüm hadisə kimi dəyərləndiririk. Qlobal auditoriyaya ünvanlanan bu müsahibə təkcə cari beynəlxalq proseslərə münasibət deyil, Azərbaycanın son illərdə əldə etdiyi siyasi, iqtisadi və geosiyasi nəticələrin ümumiləşdirilmiş təqdimatı idi.
Davos Forumu dünya siyasətinin, iqtisadiyyatının və təhlükəsizlik gündəminin formalaşdığı əsas qlobal məkandır. Belə bir məkanda Azərbaycan Prezidentinin mövqeyinin beynəlxalq media vasitəsilə çatdırılması ölkəmizin artıq regional deyil, qlobal miqyasda söz sahibi olan dövlət kimi qəbul edildiyini göstərir. Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev müsahibə zamanı Azərbaycanın post-münaqişə dövründə həyata keçirdiyi siyasəti, regional sabitliyə verdiyi töhfəni və müstəqil qərarvermə qabiliyyətini ön plana çıxardı. Bu mesajlar ölkəmizin artıq təhlükəsizlik, inkişaf və əməkdaşlıq məsələlərində passiv müşahidəçi deyil, aktiv təşəbbüskar rolunda çıxış etdiyini nümayiş etdirdi. Regional sülh və əməkdaşlıq mövzularına toxunulması Azərbaycanın məsuliyyətli və praqmatik xarici siyasət xəttinin davam etdiyini göstərdi.
Cənab Prezident qeyd etdiki, “Beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görünmür. Buna görə strateji məqsədimiz milli maraqlar əsasında nəticələri əldə etməkdən ibarət idi və beynəlxalq hüquqa tam riayət edərək düzgün hesab etdiyimizi həyata keçirmək idi. Gördüyümüz hər bir iş – istər siyasi inkişaf, istərsə də suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğun idi. Beləliklə, qeyd etdiyiniz kimi, beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur. Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir. Bunu dünyanın müxtəlif yerlərində görə bilərik. Buna görə o, bir daha göstərir ki, hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədən mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycan məhz buna nail oldu”.
Dövlət başçısının qlobal platformadan səsləndirdiyi fikirlər cəmiyyətə Azərbaycanın beynəlxalq arenada mövqeyinə dair aydın təsəvvür formalaşdırır, milli özünəinamı gücləndirir. Bu, xüsusilə son illərdə böyük tarixi dəyişikliklər yaşayan ölkə üçün mühüm psixoloji və siyasi əhəmiyyət kəsb edir.
Cənab Prezident İlham Əliyevin açıqlamaları onu sübut edir ki, Azərbaycan beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və milli maraqların qorunması prinsiplərini əsas tutur. Bu mövqe ölkənin uzunmüddətli strateji maraqlarına xidmət edir və onu etibarlı tərəfdaş kimi təqdim edir. Dövlət başçısının Davosda “Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycanın müasir siyasi portretini formalaşdıran mühüm informasiya və mesajlar toplusu oldu. Bu müsahibə ölkəmizin beynəlxalq nüfuzunun artdığını, siyasi baxımdan yetkin və öz yolunu müəyyən etmiş dövlət kimi çıxış etdiyini bir daha təsdiqlədi. Azərbaycanın qlobal proseslərdə iştirakını gücləndirən bu cür çıxışlar milli maraqların beynəlxalq müstəvidə müdafiəsində mühüm rol oynayır.
Səmədova Gülnarə
Saatlı Dövlət Rəsm Qalereyasının elmi işçisi
