Bu gün Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında fəallığı ilə seçilir və ictimai-siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində ciddi rol oynayır. Dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin vacib qüvvəsinə çevrilib. Azərbaycan dövlətinin gənclər siyasətinin əsas məqsədi intellektual, fiziki cəhətdən sağlam və vətənpərvər gənclər yetişdirməkdir. Ulu öndər Heydər Əliyev ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə məqsədyönlü islahatlar həyata keçirmişdir.
Ulu Öndər Heydər Əliyev tərəfindən 1996-cı il 22 iyun tarixində imzalanmış “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərmanına əsasən istedadlı gənclərə dövlət qayğısını təmin etmək məqsədilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” və “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edildi.
Ulu Öndər 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanla gənclərin inkişafı üçün daha əlverişli şərait yaradılmışdır. Fərmanla Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilmiş, Gənclər və İdman Nazirliyinin nəzdində Gənclərin problemləri üzrə elmi araşdırmalar mərkəzi yaradılmışdır;
Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu.. Bundan böyük qayğı və diqqətə dünyanın nadir ölkələrində rast gəlinə bilər.
Toğrul Əsədov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Muğan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
