Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz H.ƏIiyev demişdir: «Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.» XX əsrin 90-cı illərində pərakəndə şəkildə fəaliyyət göstərən Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq məqsədilə ümummilli lider Heydər Əliyev qəti addımlar atdı. 1994-cü il 26 iyun Gənclər, İdman və Turizm Nazirliyinin (indiki Gənclər və İdman Nazirliyi) yaradılması, 1996-cı il fevralın 2-si ilk Azərbaycan Gənclər forumunun keçirilməsi, 2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Qanunun qəbul edilməsi buna ən gözəl nümunədir. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə Ümumilli Lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşşəbbüsü irəli sürülmüşdir.
I Forum – 2 fevral 1996-cı ildə ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir. Forumda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iştirak etmişdir. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən cənab Heydər Əliyev 2 fevral -Azərbaycan gəncləri gününün elan edilməsi haqqında Sərəncam imzalamışdır. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. II forum 1999-cu ildə Bakı şəhərində keçirilib. Forumda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iştirak edib. Bu formda gəncliyin bugünkü vəziyyəti, mövcud nöqsanlar və qarşıda duran vəzifələr ətraflı müzakirə edilmişdir. III forum 13 oktyabr 2003-cü ildə,IV forum 2005-ci ildə ,V forum 03 oktyabr 2008-ci ildə,VI forum 25 oktyabr 2011-ci ildə,VII forum 2-3 iyun 2014-cü ildə ,VIII forum 16 noyabr 2018-ci ildə,IX Forum 25 dekabr 2020-ci ildə keçirilib. Azərbaycan gənclərinin sonuncu forumu olan IX forumda məqsəd 2020 ci ildə ötən üç il ərzində görülmüş işlərin hesabatını dinləmək, növbəti üç il üçün konsepsiyanı işləmək və təklifləri səsləndirmək idi. Qeyd edək ki, gənclərin geniş iştirakını təmin etmək məqsədi ilə Forum ənənəvi olaraq 2 mərhələdə keçirilib: 2-18 dekabr tarixlərində zona toplantıları, 24 dekabr tarixdə isə Respublika toplantısı keçirilib. Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 2020-ci ilin sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Prezident İlham Əliyev demişdir: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”
Ələddin Zeynalov
Saatlı Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı
