• Ça. Fev 24th, 2026

Xocalı soyqırımına hüquqi-siyasi qiyməti Ulu öndər Heydər Əliyev verdi

ByVuqar Ferzeliyev

Fev 24, 2026

        Xocalı qətliamı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli səhifəsidir. O vaxt müstəqil milli dövlət quruculuğu yoluna qədəm qoyan Azərbaycanın vəziyyəti əvvəlcədən planlaşdırılmamış siyasət, həmçinin 1988-ci ildən başlanan erməni təcavüzü nəticəsində xeyli pisləşmişdi. Yaranmış gərgin şəraitdə dövlətin bəzi qurumları acizlik nümayiş etdirdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni-daşnak silahlı qüvvələri və keçmiş sovet 366-cı motoatıcı alayı Xocalıya divan tutdu.

        1993-cü ildə Azərbaycan xalqınin  təkidili tələbi ilə  hakimiyyətə gələn Heydər Əliyev daxili sabitliyin təmin olunması, siyasi, iqtisadi tənəzzülün qarşısının alınması istiqamətində fəaliyyətə başladı. 1994-cü ildə cəbhədə atəşkəsə nail olundu, Artıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə tamam başqa bir rakursdan baxıldı. Xocalı soyqırımı Azərbaycanın ictimai-siyasi fikir tarixində əsas yerlərdən birini tutmalı, bundan sonra dövlətin həm daxili, həm də xarici siyasətində onun obyektiv şəkildə bəyan olunması, tanınması ön plana keçməli, bu yolda əməli addımlar atılmalı idi.

       Xocalı soyqırımının tanınmasının əsas səbəbkarı, təşəbbüskarı olan dahi rəhbərimiz hələ Prezident səlahiyyətlərini həyata keçirərkən erməni təcavüzünün qarşısının alınması məqsədilə təcili tədbirlər görülməsi üçün BMT Təhlükəsizlik Şurasının dərhal çağırılması xahişilə Təhlükəsizlik Şurasının sədrinə 26 iyul 1993-cü il tarixli yazılı müraciət etmişdi. 1994-cü il 24 fevral ayının 24-də Milli Məclisin qərarı ilə hər il fevralın ayının 26-sı «Xocalı soyqırımı günü» kimi  qeyd  olunması və bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi ilə əsrin bu böyük faciəsi dövlət tərəfindən öz qiymətini aldı. 1995-ci ilin fevralın ayının 24-də  Milli Məclisin dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciəti oldu. Soyqırımı qurbanlarını daim yad edən, şəhidlərin xatirəsini əziz tutan Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.        

        Misli görünməmiş qəddarlıqla, vəhşiliklə törədilmiş, insanlığa sığmayan Xocalı soyqırımı bundan sonra da dünya ictimaiyyətinə detalları ilə çatdırılmalıdır.

                                                                                                            Fizuli Cəfərov,

  Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi-təşkilat və ictimai- 

     siyasi məsələlər  şöbə müdirinin müavini,  Müharibə iştirakçıları

     və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri