• Ça. Fev 24th, 2026

Xocalı qətliamı beynəlxalq cinayətdir

ByVuqar Ferzeliyev

Fev 24, 2026

         Xocalı soyqırımı beynəlxalq cinayətdir, bu hadisə bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir. Bu kütləvi insan qırğını erməni qəsbkarlarının Azərbaycanın dövlət müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü hədəfə almış məqsədyönlü siyasətinin yeni bir mərhələsi kimi, ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində oxşarı olmayan vəhşilik kimi dəyərləndirilməlidir.

         Erməni cinayətlərinin dəhşətli statistikası belədir.  Dinc əhaliyə şəhərdən çıxmaq üçün dəhliz belə verməyən cinayətkarlar vahimə içərisində şəhəri tərk etmək məcburiyyətində qalan soydaşlarımızı amansızcasına qətlə yetirmişlər. Qadınlar, qocalar, əlillər, uşaqlar xüsusi amansızlıqla öldürülmüş, misli görünməmiş qəddarlıqla diri-diri yandırılmış, başlarının dərisini soymuş, gözləri çıxarılmışdır. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri Xocalı soyqırımı adları bəlli olan 613 nəfərin, o cümlədən 106 qadının, 63 azyaşlı uşağın, 70 qocanın həyatına son qoymuş, 487 nəfər şikəst olmuş, 1275 dinc sakin əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə  məhv edilmiş, 56 nəfər xüsusi qəddarlıqla diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürülüb. 27 ailənin yalnız 1 üzvü qalıb, 25 uşaq hər iki valideynini itirib, 130 uşaq valideynlərindən birini itirib, 230 ailə öz başçısını itirib, 487 insan şikəst olub (onlardan 76 nəfər həddi-buluğa çatmayanlardır). 1165 nəfəri daha sonra girovluqdan azad etmək mümkün olub, 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur; mülki əhali görünməmiş vəhşiliklə qətlə yetirilmiş, əsir götürülənlərə amansız işgəncələr verilmişdir. Bu zaman soydaşlarımızın əsas insan hüquqları, ən başlıcası isə təməl hüquq olan yaşamaq hüququ kütləvi şəkildə, kobudcasına pozulmuşdur.

         İşğal nəticəsində Xocalı şəhəri xarabalığa çevrilmiş, 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılmışdır.  Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb.

                                                                                      Rəxşəndə  Qasımova, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi