1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.
Ulu Öndər Heydər Əliyev demişdir: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu". Bu sözləri ilə Ulu Öndər Azərbaycan xalqının ağrı və acısı kimi dilə gətirmişdir.
Xocalı, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilmiş bir cinayətdir. Öz xalqını zaman-zaman “dənizdən-dənizə Ermənistan” xülyası ilə qanlı cinayətlərə aparmış erməni millətçilər xarici dairələrin əlində alətə çevrilərək həmişə avantüralar girdabına yuvarlanmışlar. Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə malik Xocalı şəhəri, sözün əsl mənasında işğalın nəticəsində xarabalığa çevrilib, şəhər yerlə-yeksan edildi. Ermənilərin insanlığa sığmayan və Xocalı sakinlərinə qarşı həyata keçirilən söyqırımı ilə yanaşı dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla məhv edilib, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib.
O qanlı günlərdə yurd-yuvalarından didərgin düşmüş insanların övladları Vətən uğrunda döyüşlərdə iştirak edərək Xocalı qurbanlarının qisasını aldılar. Azərbaycan xalqı bir daha göstərdi ki, heç bir cinayət cəzasız qalmamalıdır. Bu gün biz Zəfər tariximizi yaşayırıq, lakin Xocalı faciəsini unutmarıq. Və cinayətkarlar öz əməllərinə görə hələ bundan sonra da cavab verəcəklər. Fakt üçün qeyd etməliyəm ki, bu günlərdə Azərbaycanın məhkəmələrində millətimizin qanına susamış cinayətkar qəssablar layiqli cəzlarını aldılar.
Tarixin ibrət dərsi buna deyirlər!
Fəttah Kərimov,
Cəlilabad Rayon İcra Hakimiyyəti
başçısının Uzuntəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi