Biz Vətən müharibəsində bir daha öz bayrağımızı yüksəltdik və bu bayraq indi dünyada bir çoxlarının gözünü deşir. Bu bayrağı aparan yollar möhtəşəmdir. Bunlar bir-iki günün və hərbi əməliyyatların davam etdiyi günlərin daxilində baş verən proseslər deyil. Bu yolu qət etmək üçün Ali Baş Komandanımız uzun illər vaxt sərf edərək həm iqtisadiyyatı, həm də ordunu gücləndirdi, Azərbaycan, cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin beynəlxalq nüfuzunun artması istiqamətində ciddi addımlar atdı, mövqelərimizi möhkəmləndirdi.
Azərbaycan Avropa İttifaqı ilə birlikdə uzun illərdir Cənub Qaz Dəhlizi Məşvərət Şurasına sədrlik edir. Avropa İttifaqı və Azərbaycanın rəhbərliyi altında Məşvərət Şurası bu layihənin uğurla həyata keçirilməsinin mühüm amili olub. 3500 kilometr uzunluğunda inteqrə olunmuş kəmər sistemi və nəhəng “Şahdəniz-2” qaz yataqlarının işlənməsi ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutları arasında əməkdaşlığın nadir təcrübəsidir. Cənub Qaz Dəhlizi layihəsinə yatırılmış ümumi investisiyaların həcmi 33 milyard ABŞ dollarından çoxdur. Eyni zamanda, artıq 15 ildir ki, Azərbaycan Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. Qaz təchizatçısı kimi Azərbaycanın potensialı artacaq və bu, ixracatçı olaraq bizim üçün, tranzit ölkələr üçün və istehlakçılar üçün daha çox imkanlar yaradacaq. Çünki Azərbaycan qazı təkcə yeni marşrutdan olan qaz deyil, yeni mənbədən olan qazdır və bu, layihəni həqiqətən də enerji təhlükəsizliyi layihəsinə çevirir.
Hazırda işğaldan azad edilmiş ərazilərdə infrastrukturun yaradılması istiqamətində fəal işlər görülür. İşğaldan azad edilmiş ərazilərimizdə üç beynəlxalq hava limanı inşa edilir. Birincisi – Füzulidəki hava limanı ilin sonunadək istismara veriləcək. İkincisi – Zəngilandakı hava limanı gələn il və Laçındakı beynəlxalq hava limanı isə 2023-cü ildə hazır olacaq. Beləliklə, Azərbaycandakı beynəlxalq hava limanlarının sayı 9-a çatacaq.
İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan tərəfindən azad olunmuş ərazilərdə daha çox şirkətlər çalışacaq və daha geniş fəaliyyət olacaqdır. İşğaldan azad olunmuş ərazilər xarici investisiyalar üçün açıqdır. Burada xarici investorlar üçün maraqlı ola biləcək bir neçə sahə var. Birincisi, bərpaolunan enerji mənbələridir. Azad olunmuş ərazilərin çox böyük potensialı var və bizim ilkin hesablamalarımıza görə, enerji istehsalının potensialı 5 min meqavat günəş və min meqavat külək enerjisi təşkil edir. Sərmayə qoyuluşu üçün digər potensial sahə kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalıdır. Çünki torpaq olduqca münbitdir və bu da xaricilər üçün cəlbedici ola bilər. Xarici sərmayə üçün cəlbedici sahə turizm ola bilər. Qarabağ və Şərqi Zəngəzur təkcə Azərbaycanın deyil, bütün regionun ən gözəl bölgələridir. Dünya Bankının “Doing Business” hesabatına əsasən, Azərbaycan biznes mühitinə görə dünyada 28-ci yerdədir və Azərbaycanda xarici sərmayələr müvafiq qaydada qorunur.
Azərbaycan Xəzər regionunda ən böyük dəniz donanmasına malikdir. Bu, bizə Şərqdən Qərbə və əks istiqamətdə yüklərin nəqlini artırmağa imkan verir. Azərbaycan bu yaxınlarda yükaşırma qabiliyyəti 10 milyon ton olan və yükaşırma qabiliyyətinin 25 milyon tonadək artırılması potensialına malik Ələt Beynəlxalq Ticarət Limanının açılışını edib. Bu, Azərbaycanın logistik və nəqliyyat şəbəkəsinin ən mühüm elementlərindən biridir. Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən Azərbaycanda yolların keyfiyyəti dünyada 24-cü, dəmir yolu xidmətləri 11-ci, hava yolu xidmətləri 12-ci yerdədir.
Bu, həqiqətən də onu göstərir ki, Azərbaycan hökuməti infrastruktura böyük sərmayə yatırıb. Əlbəttə ki, regionda bütün kommunikasiyaların açılması Azərbaycana öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasına Ermənistan ərazisi vasitəsilə maneəsiz çıxış əldə etmək imkanı verəcək. Eyni zamanda, Ermənistan sərhədinə doğru dəmir yollarının tikintisinə başlanılıb. Biz öz ərazimizdə Ermənistan ərazisinə doğru 100 kilometrdən çox magistral və dəmir yolları tikməliyik. Ermənistan ərazisində bu, təxminən cəmi 40 kilometrdir. Bu çətinliklərə baxmayaraq, regionda bütün kommunikasiyalar paralel olaraq açılmalıdır. Bu, Ermənistan üçün Rusiya və İranla dəmir yolu əlaqəsinə sahib olmaq imkanı yaradır. Bu, həm də Azərbaycan üçün Naxçıvan Muxtar Respublikasına əlavə çıxış əldə etmək imkanı yaradır və regionun 4 ölkəsi – Azərbaycan, İran, Rusiya və Türkiyə bu yanaşmaya güclü dəstək verir. Sağlam düşüncə, bütün deyilənlərdən çıxan nəticə artan potensiala dəlalət edir ki, bunun da alternativi yoxdur.
Beləcə, Azərbaycan Prezidentinin bu günlərdə gördüyü tədbirlər, eləcə də Şarl Vişellə danışıqlarının yekunu millətin varlığının, onun dövlət qurmaq bacarığının simvoludur. Görürük ki, bizim də dünya ailəsində sayılıb-seçilən dövlətimiz var. Söhbət əsrlər uzunu imperiyalar, dövlətlər quran, dünyaya mədəniyyətlər bəxş edən ləyaqətli, qürurlu bir millətin yaratdığı dövlətdən gedir.
Nəsib İsgəndərov, Cəlilabad RİH əməkdaşı