• C. Noy 22nd, 2024

BMT-nin Azərbaycanda yeni rezident əlaqələndiricisi təyin olundu

ByYenigun.news

İyl 3, 2021

BMT-nin Baş katibi Antonio Quterreş Şimali Makedoniyadan olan Vladanka Andreyevanı təşkilatın Azərbaycandakı rezident əlaqələndiricisi təyin edib.

Bu barədə BMT-dən məlumat verilib. Bildirilir ki, Azərbaycan hökuməti təyinata razılıq verib.

Xanım Andreyeva BMT-də, habelə Avropa və Asiya ölkələrində icra etdiyi müxtəlif vəzifələr sayəsində beynəlxalq inkişaf, humanitar fəaliyyətlərin əlaqələndirilməsi, vəkillik və tərəfdaşlığın qurulması sahələrində 21 illik təcrübəyə malikdir. Yeni təyinatından əvvəl Kambocada BMT-nin HİV/AİDS üzrə Birləşmiş Proqramının (UNAİDS) rəhbəri olmuş Vladanka Andreyeva, eyni zamanda BMT-nin həmin ölkədəki İdarə Heyətinin COVID-19 pandemiyası ilə bağlı hazırlıq və cavab tədbirlərinə cavabdeh olan qrupuna başçılıq edib.

O, həmçinin dəlillərə və insan hüquqlarına əsaslanan, eləcə də gender məsələlərinə həssas proqramların icrasını gücləndirmək üçün UNAİDS-in Asiya-Sakit Okean regional ofisində strateji müdaxilə üzrə müşavir, UNAİDS-in Vyetnamdakı nümayəndəliyində monitorinq və qiymətləndirmə komandasının rəhbəri, BMT-nin İnkişaf Proqramında (BMTİP) Avropa və MDB ölkələri üzrə müşavir, habelə BMT-nin Şimali Makedoniyadakı rezident əlaqələndiricisinin müşaviri olub. Bundan öncə isə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Humanitar Fəaliyyətlərin Əlaqələndirilməsi Ofisində (OCHA) çalışıb.

BMT-dən əvvəl “Pharmaciens Sans Frontières” qeyri-kommersiya təşkilatında çalışan xanım Andreyeva qaçqınlara humanitar yardımların göstərilməsini əlaqələndirib.

Şimali Makedoniyanın Müqəddəs Kiril və Mefodiy Universitetində təhsil almış V. Andreyeva stomatologiya sahəsində bakalavr, ictimai səhiyyə sahəsində isə magistr dərəcələrinə yiyələnib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir