• Be. Dek 30th, 2024

ORDUMUZ ŞANLI QƏLƏBƏNİ TARİXƏ ZƏRLƏ YAZDI

ByYenigun.news

Apr 16, 2021

        Müzəffər Ali Baş Komandan İlham Əliyev deyib ki, Vətənə görə döyüşmək, torpaqlarımız üçün döyüşmək, ölümdən qorxmadan döyüşmək lazımdır. Bu, olduqca vacib amildir. Çünki ordu cəmiyyətdə daxili özünəinamı, dövlətə etimadı gücləndirən əsas faktorlardan biridir. Bu mənada Silahlı Qüvvələrimiz hər bir vətəndaşın qürur mənbəyidir.

         Dağlıq Qarabağ münaqişəsinin həlli və ərazi bütövlüyümüzün bərpası Azərbaycan dövlətinin prioritet hədəfi idi. Bu hədəfə nail olmaqda Silahlı Qüvvələrimiz həlledici rol oynadı. Mərd oğullarımız Azərbaycan torpaqlarını işğal edən mənfur düşmənlə üz-üzə qəhrəmancasına mübarizə apardılar. Silahlı Qüvvələrimizin döyüş hazırlığı, mənəvi-psixoloji ruhu, bölmələrimizin yüksək hazırlığı sayəsində Ermənistan silahlı bölmələrinin hücumlarının qarşısı sərt şəkildə alındı. 

       Təcavüzkar Erməni əsgəri haqq uğrunda savaşan Azərbaycan əsgəri qarşısında dura bilmədi. “Dəmir yumruq” əməliyyatında Ermənistan ordusu eyni zamanda mənəvi məğlubiyyətə uğrayıb. Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub. Azərbaycan Ordusunda isə bir nəfər də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik. Əlbəttə, strateji planlaşdırma qələbənin əldə edilməsində mühüm amil oldu. Əgər planlaşdırma düzgün olmasaydı, bu qələbənin qazanılması çox çətin olardı. Bu mənada Ali Baş Komandanımızın sərkərdəlik məharətinə heyran olmamaq mümkün deyil. Təsadüfi deyil ki, hazırda dünyanın bir sıra ölkələrində Azərbaycanın hərb meydanında təcrübəsi öyrənilməkdədir.

       Azərbaycan xalqı səbirli və qəhrəman xalqdır. Azərbaycan xalqı Qələbəni 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Müharibə dövründə xalq öz birliyini və gücünü nümayiş etdirə bildi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Biz bu torpaqlara Azərbaycan xalqının, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq.       

       Sözümün canı budur ki, hər kəs vətənpərvər olmalıdır. Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi, Silahlı Qüvvələrə layiqli, fiziki və mənəvi cəhətdən sağlam gənclər hazırlanması və onların ordu sıralarında xidmətinin təşkili bu gün dövlət quruculuğumuzun ən vacib məsələlərindən biri, bəlkə də ən başlıcasıdır. Bu gün fəxrlə demək olar ki, respublikamızın hər bir guşəsində aparılan mükəmməl hərbi vətənpərvərlik tərbiyəsi işi sayəsində gənclərimiz hər an düşmən qüvvələrlə döyüşə girməyə, sərhədlərimizi və ərazi bütövlüyümüzü müdafiə etməyə hazırdır.

         Vətən uğrunda döyüşlərdə ən çox şəhid verən Cəlilabad rayonunda da gənclərin orduda hərbi xidmətə hazırlanması sahəsində qarşıda duran vəzifələr uğurla həll edilir. Bu vəzifələri yerinə yetirmək üçün bütün qüvvələr səfərbərliyə alınmış, ictimaiyyət, təhsil sistemi, valideynlər bu sahəyə yaxından kömək göstərirlər. Hər bir valideyn öz övladını hərbi xidmətə hazırlamaqda özü iştirak edir, hər yeniyetmənin və gəncin özü yaxşı dərk edir ki, bu gün də olmasa, sabah hökmən orduda xidmət keçəcək və bunu etməlidir. Bütün gənclər çağırış vaxtı çatanda özləri yerli icra strukturlarına, hərbi komissarlığa müraciət edərək hərbi xidmətə göndərilmələrini xahiş edirlər. Rayonun hər bir bucağında ibtidai hərbi hazırlığa, hərbi və fiziki tərbiyəyə ən ciddi diqqət yetirilir. Gənclər və yeniyetmələr elə tərbiyə olunur, çağırışçılarla elə iş aparılır ki, onlardan hər biri bilsin: Vətəni qorumaq, orduda xidmət etmək hər bir gəncin müqəddəs borcudur.

         Rayonun bütün sakinləri Ali Baş Komandan cənab İlham Əliyevin Milli Ordunun daha da möhkəmləndirilməsinə qayğısını yüksək qiymətləndirir, onun bu sahədəki fəaliyyətini diqqətlə izləyir, bilirlər ki, Silahlı Qüvvələrimizin bu günkü səviyyəyə çatması, regionda ən qüdrətli orduya çevrilməsi ölkə başçısının yaxından göstərdiyi diqqətin bəhrəsidir. Bu böyük diqqət və qayğı üçün Ali Baş Komandanımıza daim minnətdarıq.

Maşallah ƏLİYEV,

Birinci Qarabağ savaşı qazisi .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir