• Ca. Dek 26th, 2024

Prezidentin yeni yaratdığı Agentlik bu işləri görəcək

ByYenigun.news

Apr 19, 2021

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaradılması barədə fərman imzalayıb.

“Yenigun.news” xəbər verir ki, agentlik Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının əsasında yaradılıb.

Şura bundan sonra Agentlik (publik hüquqi şəxs) qismində fəaliyyət göstərəcək.

Agentlik Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.

Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Prezidentin vəzifəyə təyin və vəzifədən azad etdiyi 11 (on bir) üzvdən ibarət Müşahidə Şurası həyata keçirir. Hazırda Şuranın sədri deputat Azay Quliyevdir.

Qeyd edək ki, ölkə başçısı Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət və cəmiyyət həyatında qeyri-hökumət təşkilatlarının rolunun artırılması, fəaliyyətinin yeni dövrün çağırışlarına uyğun təşkili, bu sahədə həyata keçirilən dövlət dəstəyinin təşkilati-hüquqi əsaslarının və mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə Şuranın əsasında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaradılması barədə fərman imzalayıb.

Fərmanda da qeyd olunduğu kimi, ötən dövr ərzində qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətinin inkişafında fəal rol oynayıb, ölkənin milli maraqlarının qorunmasında, müxtəlif sahələr üzrə dövlət proqramlarının icrasında, həmçinin cəmiyyət həyatının bir sıra sahələrində yaranan problemlərin həllində yaxından iştirak ediblər.

Qeyri-hökumət təşkilatlarına göstərilən dövlət dəstəyi ilə bağlı əldə olunan nəticələrin təhlili və ümumiləşdirilməsi bu sahədə fəaliyyətin daha təkmil əsaslar üzərində qurulmasını, habelə qeyri-hökumət təşkilatlarının potensialından daha səmərəli istifadə edilməklə dövlətin və cəmiyyətin həyatında onların aktiv fəaliyyəti üçün tənzimləyici mexanizmlərin təkmilləşdirilməsini zəruri edir. Bununla belə, qeyri-hökumət təşkilatları ilə biznes qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi qeyri-hökumət təşkilatlarının fəaliyyətinin genişlənməsinə və onların cəmiyyət üçün ictimai aktual hesab olunan məsələlərin həllində iştirakına əlavə imkanlar yaradır, həmçinin biznes qurumlarının cəmiyyət qarşısında sosial məsuliyyətinin artırılmasına və cəmiyyətdə həmrəylik ruhunun daha da güclənməsinə öz töhfəsini verir. 

Xatırladaq ki, bir müddət əvvəl Hesablama Palatasının QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamalar apardığı barədə məlumat yayılmışdı. Yoxlamanın detalları tam açıqlanmasa da, Şurada pozuntuların aşkar edildiyi müəyyənləşib. Bildirilmişdi ki, aparılmış auditlə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir