“Əməldə göstərəsən
Xalqa məhəbbətini,
Birnəfəsə içəsən
Şəhadət şərbətini”.
Bu misralar şəhadət sarayına tələsənlərin dilinin şüarıdır. O saray ki, oranın əbədi sakinləri müqəddəs yolun yolçuları, şərəfli əməlin sahibləridir. Ölümsüzlük qazananların yeri alovlu ürəklər, hərarətli qəlblərdir.
Vətən müharibəsi bizə minlərlə belə oğulu tanıtdı. Şəhadət şərbətini birnəfəsə içib əbədiyyət qazananlar bizə azadlıq, əminlik, rahatlıqla bərabər başucalığı, alınaçıqlığı, üzağlığı da bəxş etdilər. İllərlə itirilən qürurumuzu, tapdanan şərəfimizi qaytardılar. Qanlarıyla tarix yazanlar ən ali pilləyə yüksələrək “əbədiyaşar” statusu qazandılar.
Şəhadət sarayına tələsənlərdən biri də Cavid Habil oğlu Hüseynovdur. O, 1994-cü il aprel ayının 1-də Cəlilabad rayonunun Hamarqışlaq kəndində doğulub. Orta məktəbi də doğulduğu kənddə oxuyan Cavidin elə məktəb yaşlarından vətənə, bayrağa, hərbi formaya sevgisi vardı. Böyüdükcə içindəki bu istək də onunla birgə böyüyürdü. Vətən torpaqlarının düşmən tapdağı altında inləməsi onun düşmənə olan qəzəbini birə min artırırdı. Bu səbəbdən də 2011-ci ildə məktəbi bitirən kimi hərbi komissarlığa gələrək hərbi xidmətə getmək istədiyini bildirir. Lakin hələ yaşının çatmadığı üçün ona imtina cavabı verilir. Səbirsizliklə hərbi xidmətə gedəcəyi günü gözləyən Cavid bir amalla yaşayırdı – tezliklə torpaqlarımızı düşməndən azad etmək.
Nəhayət, 2012-ci ildə hərbi xidmət müddəti gəlib çatır. Cavid böyük ruhyüksəkliyi ilə xidmətə yollanır. Xidməti dövründə yüksək hazırlığı və çevikliyi ilə seçilən Cavid dəfələrlə komandanlıq tərəfindən təşəkkürnamələr alır, təltiflərə layiq görülür.
Cavid 2014-cü ilə xidmətini başa vururb evə qayıdır. Lakin vətən sevgisi, torpaqları azad etmək istəyi onu yenidən ordu sıralarına qaytarır. Cavid düşünür ki, vətənə olan borcu yalnız o vaxt ödənmiş hesab oluna bilər ki, torpaqlarımızı işğaldan azad edər. Bu niyyətlə də ordu sıralarına müddətdən artıq hərbi xidmət qulluqçusu kimi qayıdır və tank atıcısı kimi xidmətə başlayır. Bir çox cəbhə bölgəsində yerləşən hərbi hissələrdə xidmət edən Cavid dəfələrlə hərbi təlimlərdə istirak etmiş və hər zaman yüksək döyüş hazırlığı ilə seçilmişdir. Öz bacarığı və şücaəti ilə burada da hamının rəğbətini qazanmış, komandanlıq tərəfindən təltif olunmuşdu. 2020-ci il sentyabr ayında Azərbaycan və Türkiyə ordusunun birgə keçirdiyi hərbi təlimdə iştirak etmiş və tank atışı üzrə Türkiyə komandanlığıdan təşəkkür almışdı.
Ürəyi vətən sevdası ilə döyünən gənc sosial şəbəkə paylaşımlarında da bunu bəlli edirdi. O, vətən üçün şəhid olmağı arzuladığını tez-tez öz statuslarında yazırdı. Hər dəfə anasına deyirdi:-“Sən başını dik tut və səbirli ol,çünki sən hərbçi anasısan”. Atası Habil kişi oğlu ilə söhbət edəndə Cavid hər dəfə: -“Siz mənimlə fəxr edəcəksiniz, mən sizin başınızı hər yerdə uca edəcəyəm”, – deyə qürurla atasının gözlərinə baxırdı. Ata da əlini oğlunun kürəyinə vurub:-“Mən indi də səninlə fəxr edirəm, oğul, sən vətənimi qoruyursan!”, – deyirdi. Cavid isə bu an başını yerə dikib: -“Yox, ata, nə qədər ki, Qarabağımızda düşmən toy-bayram edir, biz fəxarətlə danışa bilmərik. Onları doğma yurdumuzdan qovaq, onda hamımız fəxrlə danışa biləcəyik”.
Cavidin dediyi gün 2020-ci il sentyabrın 27-də gəldi. Minlərlə vətən oğlu bu günə hazır olduqları üçün həmin an döyüşə atıldılar. Anamızın bağrındakı yaranı sarmaq, onun dərdinə məlhəm olmaq üçün ayağa qalxdılar. Cavid də onların arasında idi. Canından çox sevdiyi vətəninin azad olunacağı gün yaxında idi. Tezliklə bütün Azərbaycan zəfər xəbəri ilə müjdələnəcəkdi. Bu sevincdə onun da payı, bu qələbədə onun da əməyi olacaqdı. İçində vətən sevgisi olana qorxu hissi yaddır. Bu düşüncələrlə də dəmir atını irəli – düşmən üzərinə sürərək onun başına od yağdırırdı. Füzuli ətrafında olan döyüşlərdə bir neçə kəndin alınmasında fəal iştirak etmişdi. Hər alınan kənd üçün dünya boyda sevinc yaşayırdı Cavid. Tezliklə bütün Qarabağı azad görəcəyinə çox inanırdı. 3 gün davam edən gərgin döyüşlərdə o düşmənin çoxlu sayda canlı və hərbi qüvvəsini məhv etmiş, onu ağır itkiyə məruz qoymuşdu. Bu döyüşlərin birində onun tankı minaya düşərək zədələnsə də, Cavid geri çəkilmədi, döyüşə davam etdi.
Şəhadət şərbətini içməyə tələsirdi Cavid. Vətənə olan son borcunu verib onun qoynunda əbədi uyumaq istəyirdi. 2020-ci il 30 sentyabr. Zəfər qalamızın dəmir qapısı olan Füzuli döyüşləri. Düşmənin 30 il ərzində qurduğu istehkamları az müddətə qırıb irəli atılan vətən oğulları. Tankçı Cavid Hüseynov da düşmənə atəş açaraq qələbəyə imza atırdı. Bu vaxt düşmən onun tankını hədəf alır və mərmi açılır… Tankçı Cavid Hüseynov vətən uğrunda igidliklə şəhid olur… Döyüş yoldaşları onun tankına Azərbaycan bayrağının rənglərində “Cavid” adını həkk edirlər…
Subay idi Cavid, evlənməmişdi. Hər dəfə anası Xatirə xanım bu barədə söz salanda: -“Anacan, əvvəlcə vətənimi yağılardan xilas edim, sonra rahat evlənərəm”, – deyə bu işi təxirə salırdı. Kənddə gələcək həyatını qurmaq üçün evinin tikintisinə də başlamışdı.
Lakin həyata keçməyən, yarım qalan arzusu kimi evi də yarımçıq qaldı, tikintisi başa çatmadı…
Qardaşı Ceyhun deyirdi ki, Cavid onunla qardaş yox, dost olub. Hər sözünü, söhbətini onunla bölüşüb, onunla dərdləşib. Ceyhun eyni zamanda həm qardaş, həm dost itirmişdi, itkisi ağır idi, amma qürurlu idi. ” Qardaşım şəhid olmağı çox istəyirdi, ürəyimiz ona görə rahatdır ki, o öz istəyinə çatdı. İndi o tək bizim yox, bütün Azərbaycanın övladıdır. Bundan böyük qürur ola bilərmi?” – deyə şəhid qardaşı fəxrlə sözünü bitirdi.
Hüseynov Cavid Habil oğlu şəhadətindən sonra “Vətən uğrunda”, “Füzulinin alınmasına görə” medalları ilə təltif olunmuşdur. Şəhidimiz doğulduğu Hamarqışlaq kəndində dəfn olunmuşdur.
Ruhu şad olsun!
Sevil Gül Nur.