• C. Dek 27th, 2024

ERMƏNİSTANIN İŞĞALÇILIQ SİYASƏTİNƏ
SON QOYULDU

ByYenigun.news

Apr 29, 2021

Prezident İlham Əliyevin BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında irəli sürdüyü müddəlar sadə insanların ürəyindən xəbər vermişdir. Dövlət başçısı cəmiyyəti narahat edən, gələcəyə böyük ümidlər doğuran tezislərini bir daha bəyan etmişdir. O, bir daha göstərmişdir ki, Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. Ermənistan tərəfindən 30 illik işğal nəticəsində bir milyondan çox azərbaycanlı doğma torpaqlarından didərgin salınmışdır. Ermənistan 1992-ci ildə Xocalı soyqırımını törədərək, qadınlar və uşaqlar da daxil olmaqla 613 nəfər günahsız dinc sakini qətlə yetirmişdir. Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınmışdır.44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tamamilə darmadağın olunmuşdur. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur edilmişdir. Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsi sona çatmışdır. Qeyd edək ki, ötən il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrimizi və dinc sakinlərimizi ağır artilleriya atəşinə tutaraq Azərbaycana qarşı irimiqyaslı hərbi təcavüzə başlamışdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə dövlətimizin gücünü nəinki düşmənə, həm də bütün dünyaya göstərdi. Böyük Zəfərimiz ordumuzun yenilməzliyini, xalqımızın əzmkarlığını, xalq, ordu və iqtidar arasındakı monolit birliyi bir daha sübut etdi. Əslində, bu Zəfər Ali Baş Komandanımızın Azərbaycan xalqının işğalla heç vaxt barışmayacağı və güzəştə getməyəcəyi ilə bağlı beynəlxalq ictimaiyyətə və təşkilatlara ünvanladığı bəyanatın təzahürü idi. Hər anı əfsanəvi qəhrəmanlıqlarla dolu bu müharibə dünya tarixinin, XXI əsr hərb elminin şəhidlərimizin qanı ilə yazılmış yeni səhifələri oldu. Tarixi ədaləti bərpa etmiş Azərbaycan xalqı. düşməni əzəli torpaqlarımızdan qovdu, tarixi ədaləti bərpa etdi.

Məlumdur ki, bəzi ölkələrə qarşı tətbiq olunan “ikili standartlar” siyasəti dünyanın dayanaqlı inkişafı üçün təhdidlər yaradır. Azərbaycan ikili standartlara yol verilməməsi üçün tərəfdaş ölkələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin təklif edilməsi və hazırlanması səylərinə qoşulmağa dəvət edir. Təhlükəsizlik Şurasının bir sıra qətnamələrinin bir neçə gün ərzində icra edildiyinin dəfələrlə şahidi olmuşuq. Azərbaycana gəldikdə isə həmin qətnamələr təqribən 30 il ərzində yerinə yetirilməmiş qaldı. Vətən müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, müharibə dövründə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi. Bizim tarixi şəhərimiz Şuşa noyabrın 8-də işğalçılardan azad edildi və Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı. Münaqişənin həllində Türkiyənin böyük rolu oldu. Müharibənin ilk günündən qardaş Türkiyədən böyük dəstək aldıq. Bu dəstək bizə imkan verdi ki, əks-hücum əməliyyatını uğurla keçirək, hər hansı bir kənar qüvvə məsələyə müdaxilə etməsin.

Birmənalı olaraq söylənilməlidir ki, Azərbaycan xalqı tarixi ədaləti öz qüvvəsi ilə bərpa etdi. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini icra etmiş, tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etmişdir. “Dəmir Yumruq” hər bir daşı öz yerinə qoydu və qoymaqdadır, artıq bizi dinləməli, eşitməli və qəbul etməlidirlər. Nə qədər bunu tez qəbul etsələr, özləri üçün daha xeyirlidir. Çünki itirən biz deyilik və biz olmayacağıq, itirən yenə onlar olacaqlar və ola bilərlər.

İlqar Mirzəyev, Cəlilabad rayon sakini, Ziyalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir