• Ca. Dek 26th, 2024

ŞƏHİDLİK ZİRVƏSİNİN FATEHLƏRİ

ByYenigun.news

Mar 23, 2021

ƏKBƏR HÜSEYNLİ

         Əkbər Azər oğlu Hüseynli 15 oktyabr 2001-ci ildə Cəlilabad rayonunun Alar kəndində dünyaya göz açıb. İlk təhsilini H.Əliyev adına 1 saylı orta məktəbdə alan Əkbər, orta təhsilini Bakı Sosial İqtisad Kollecində davam etdirib. O, təhsilini yarımçıq qoyub könüllü olaraq 15 oktyabr 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Vətən Müharibəsinin ilk günlərindən isə ön cəbhədə qəhrəmancasına vuruşub, Murov yüksəkliyinin alınmasında xüsusi igidliklər göstərib.

        Əkbər Hüseynli şiddətli döyüşlərdə yaralansa da, qısa müddət sonra yenidən ön cəbhəyə, yoldaşlarının yanına qayıdıb, Goranboy-Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib, işğal altında qalan torpaqlarımızın alınmasında şücaət göstərərək şəhidlik məqamına yüksəlib. Evin tək oğul övladı olan Əkbər vətənpərvərliyi, cəsarəti, nümunəviliyi ilə yoldaşları arasında böyük rəğbət qazanıb, neçə yaralı əsgər yoldaşını döyüş meydanından xilas edib. Onun yeganə arzusu canı-qanı bahasına olsa belə, vətəni mənfur düşmənlərdən azad etmək idi.

         Qeyd edək ki, qızğın döyüşlərdə şəhidlik zirvəsinə ucalan Əkbərdən ailəsi uzun müddətdir heç bir məlumat ala bilmirdi. Ölümü ilə ölümsüzlük qazanan Əkbər 17 dekabr 2020-ci ildə doğulduğu Alar kəndində torpağa tapşırılıb!

Eşqanə Babayeva.

DAVUD ABBASOV

        Dövlət Sərhəd Xidmətinin Çevik Hərbi Dəstəsinin snayperi. olan qəhrəmanımız 19 noyabr 1999-cu ildə Cəlilabad rayonu Sabirabad kəndində anadan olub. O, orta məktəbini Uzuntəpə kəndində, Eldəniz Yusubov adına orta məktəbdə oxuyub. 2018-ci ildə orta məktəbi bitirib, elə həmin il də  Ordu sıralarına yollanıb. Hərbi xidmətini əsgər kimi Dövlət Sərhəd Xidmətinin Ermənistanla sərhəddə olan zastavada şəkib. Həmin vaxt düşmən təxribatının qarşısının alınmasında şücaət göstərib, 1 mülkü vətəndaşımızın həyatını xilas edib. Daha sonra isə “Gizirlik” hərbi kursunda təhsil aləb, kursu müvəfəqiyyətlə bitirdikdən sonra gizir hərbi rütbəsi ilə təltif olunub.

        Rütbə ilə təltif olunduqdan 2 ay sonra Dövlət Sərhəd Xidmətinin Çevik Hərbi Dəstəsinə qəbul edilib, orada da kursu müvəfəqiyyətlə bitirdikdən sonra ÇHD giziri kimi hərbi xidmətinə başlayıb. Davud, dəfələrlə xüsusi təyinatlıların snayper kurslarında təlim keçib.

       27 sentyabr tarixində başlayan Vətən müharibəsində DSX ÇHD snayper gizir kimi döyüşlərə atılıb. Zəngilan, Füzuli rayonları və Hadut qəsəbəsinin düşmən işğalından azad edilməsi əməliyyatlarında igidlik, şücaət göstərib. Düşmənin nəfəsini kəsən oğullarımızdan olub. Oktyabr ayının 9-da qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlib.

Ailə üzvləri deyir:

        “Sonuncu dəfə Davudla Şəhid olduğu gün səhər saatlarında əlaqəmiz oldu. Hər şeyin yaxşı olacağını bildirdi. Bu döyüş, haqqın, nahaqqa qarşı döyüşüdür, haqq qalib gələcək, dedi. Allaha şükr edirdi ki, torpaqlarımızı azad edirik… O, çox mehriban, sakit, gözəl xasiyətlərə, xüsusiyyətlərə sahib övlad idi, biz ondan heç vaxt narazı olmadıq. Onun ağzından güldən ağır söz eşitmədi heç kim. Özündən böyüklərin hörmətini saxlayırdı, kiçikləri gözünün üstündə tuturdu. Davudun yoxluğu çox ağırdır, amma hər bir halda Davud kimi qəhrəman övladın valideynləri olmaqdan qürur duyuruq…”

Müstəqil.Az.

·  CAMAL ƏLİYEV

         Camal ailəsinin yeganə oğul övladı idi. 2 bacının tək qardaşı. 2000-ci ilin 17 dekabr tarixində Cəlilabad rayonunun Pərdi kəndində dünyaya göz açmışdı. El-obasının, kəndinin ilk şəhidi… O, 2007-ci ildə Cəlilabad rayonunun 2 saylı məktəbində 1-ci sinfə yazılmışdı. Uşaqlıqdan hərb sahəsinə həvəsli idi.  2018-ci ildə orta məktəbi bitirən Camal Fövqəladə Hallar Nazirliyinin Akademiyasına hazırlaşırdı. Qabiliyyət imtahanından keçsə də, bəzi səbəblərdən oxuya bilmədi.. Ona görə də 2019-cu ilin yanvar ayının 8-də hərbi xidmətə yollandı.

        Bacısı Camal haqqında danışırdı: ” Camal nəinki ailəmizin, bütün nəslin əzizi, sevimlisi idi. Mehriban, gülərüz, şən idi. Qardaşım elə böyümüşdü ki, böyüklə böyük, uşaqla uşaq kimi idi. Özünü yaşından böyük aparırdı. Onu özümdən böyük bilirdim. Hara gedirdim, Camalın necə tərbiyəli, mədəni, mehriban uşaq olmağından danışırdılar. Biz qardaşımla çox yaxın idik. Camal mənə qardaşdan çox ata kimi idi, onunla fəxr edirdim…

       O,  çox mərd uşaq idi. Hara getsə özünə hörmət, dost qazanırdı. Həmişə atamın başını uca edib. Yaşadığı 19 ildə onun barəsində atama bir dəfə də olsun heç bir şikayət gəlməyib. Camal ailəsinə, elinə, kəndinə çox bağlı idi…”

       Camalın dostu isə onunla olan yazışmasını göndərmişdi mənə. Görüşməli idilər. Amma olmadı.

Camal ön xətdə, Daşkəsən rayonunun N saylı hərbi hissəsində xidmət etmişdi. Evlərinə təşəkkürnamələr göndərirdilər. Xidmətdən sonra orduda qalmaq istəyirdi. Amma ailəsinin yeganə oğul övladı olduğu üçün ata-anası razılıq verməmişdi. Valideynlərini razı sala bilməkdən ötrü bacılarıyla danışmışdı. 21 sentyabrda təlimlərə çağırıldı və müharibə başlayanda Füzuli rayonu uğrunda gedən döyüşlərə qoşuldu.  O, atasından da, anasından da gizlətmişdi müharibədə olduğunu…

        Camal Mehman oğlu Əliyev qəhrəmancasına döyüşdü və şəhidlik zirvəsinə ucaldı. Şəhidimiz “Vətən uğrunda” medalı ilə təltif edilib. Cənnət yaşın mübarək, Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Camal!

Nuranə Mirhüseynli.

SEVİL GÜL NUR

TƏQDİM EDİR

ON BEŞ GÜNLÜK ZƏFƏR YOLU

      Nə qədər ağırdır şəhid övladının “atam işdədir, gələndə mənə şokolad alacaq” deyərkən gözlərindəki ümid dolu həsrəti görmək. Aldığın hədiyyələr, gətirdiyin sovqatlar bir anlıq qatar başını, sonra başını qaldırıb gözlərindəki o məlum ifadə ilə nəzərlərini üzünə dikər, “atam daha yaxşısını alacaq” deyib çəkilər bir qırağa, dizlərini qucaqlayıb səssizcə oturar bir küncdə… Bu an sənin ürəyinin dərinliyindən bir ağrı qopar, donmuş vücudunu alov bürüyər, o baxışların altında dona-dona əriyərsən…

       Təsəlli edə bilməyəcəyim daha bir ana, ovundura bilməyəcəyim daha iki övlad, qarşısında duruş gətirə bilməyəcəyim daha bir ailə… Vətən mübaribəsinin qəhrəman şəhidi İbarət Əkbərovun ailəsi…

‌       1993-cü il mart ayının 21-də Yardımlı rayonun Mirimli kəndində dünyaya gəlmişdi İbarət. Uşaqlığını dağlar qoynunda keçirən, səfalı dağ havası, təmiz bulaq suyu ilə bəslənən İbarət öz gücünü, əzəmətini bu yerlərdən almışdı. Uşaqlıqdan hündürboylu, sağlambədənli bir oğlan idi. Orta məktəbi 9-cu sinfə kimi Məlikli kənd məktəbində oxumuş, 2008-ci ildə ailəsi ilə birlikdə Cəlilabad rayonunun Privolnoye kəndinə köçdüyündən təhsilini E. Hüseynov adına 1 saylı kənd məktəbində davam etdirmişdir. İbarət orta təhsillə yanaşı Göytəpə Tibb kursunu da bitirmiş, tibb qardaşı ixtisasına yiyələnmişdi. 2011-ci ildə həqiqi hərbi xidmətə çağırılan İbarət Əkbərov Gəncədə xidmət etmiş, 2013-cü ilin yanvar ayında ordudan tərxis olunmuşdu. 2019-cu ildə isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində xidmətə başlamışdı. Milli ordu sıralarında tankçı kimi xidmət göstərən İbarət nümunəvi xidmətinə görə tərifnamələrlə təltif olunmuşdu.

       Vətən müharibəsinin ilk günlərindən döyüşə atılanlardan biri də İbarət idi. Ən çətin və ən gərgin döyüşlərin getdiyi Füzuli ərazisindən başlamışdı onun döyüş yolu. Düşmənin 30 il ərzində qurduğu istehkamların, çətin keçilən maneələrin yarılmasında onun da az xidmətləri olmamışdı. Beton sədlərin dağıdılması üçün cəlb edilən texnika düşmən tərəfindən vurulduğu üçün əsgərlər bunu əllə etməyə məcbur idilər və İbarət bu işi böyük səylə görürdü. O çalışırdı ki, irəli getmək üçün yoldaşlarına kömək etsin, verilən tapşırığı uğurla yerinə yetirsinlər. Və bu əməliyyat uğurla nəticələndi. Sürücü-mexanik olan İbarətin bacarığı sayəsində piyada döyüş maşınında olan şəxsi heyət döyüşlərdən sağ çıxmağa müvəffəq olurdu. Təcrübəli sürücü olan İbarət müxtəlif manevrlər edərək maşını düşmən hədəfindən yayındırırdı. O, Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak etmiş, bir çox yüksəkliklərin alınmasında böyük şücaət göstərmişdi.

Oktyabrın 2-də gərgin keçən döyüşlərin birində onun idarə etdiyi texnika vurulur, komandirlə birlikdə özü də yaralanır. Onu hospitala yerləşdirsələr də orada çox qalmağa səbri çatmır, yenidən cəbhəyə qayıdır. Yaralanmağı barədə isə evdə heç kimə demir ki, ailəsi narahat olmasın.

Cəbhəyə qayıtdığında isə moto-atıcı kimi döyüşlərə davam edir. Ölümdən qorxmayan, ölümün gözünə dik baxan qorxmaz döyüşçü hər an irəli atılır, düşmənə amansız zərbələr endirməklə ona olan qəzəbini nümayiş etidrirdi.

        İbarət və döyüş yoldaşları irəlidə olduqları üçün təminat onlara gec gəlirdi. Düşmənin yağış kimi yağdırdığı mərmilər altında texnikaların hərəkəti təhlükəli idi. Yalnız gecələr gizli yollarla gətirmək mümkün olurdu.

       Bir gün yenə əsgərlərə gələcək təminat gecikirdi. Qərara alındı ki, sübh çağı, hava işıqlanmamış beş-altı nəfər heyətlə gedib təminat gətirilsin. Onların arasında İbarət də var idi. Gətirdikləri ərzağı aralarında bölüşdükdən sonra hər kəs öz işiylə məşğul olmağa başlayır. İbarətlə söhbət edən komandir Fərid İmaşlı ona gecə gördüyü yuxunu danışır. Yuxuda toy gördüyünü deyən komandirə İbarət bunun yaxşı əlamət olmadığını söyləyir. Ürəyinə nəsə damıbmış kimi bir qırağa çəkilib ailəsi, yaxınları, qohumları ilə danışmağa başlayır. Azyaşlı övladları Polad və Rəvanın səsini doyunca eşitmək üçün uzun müddət telefonu qulağından ayırmır…

        Şəhidlik elə bir zirvədir ki, ora yalnız seçilmişlər yüksəlir və bu seçim o zirvənin sakininə əvvəldən bəlli olur. İbarət Əkbərov da bilirdi ki, şəhadət sarayında onun üçün də yer ayrılıb, o da həmin sarayın daimi sakini olacaq. Buna görə də getməzdən öncə hər kəslə danışıb ürəyində onlarla vidalaşmışdı…

        Elə həmin günün axşamı – oktyabr ayının 11-də düşmən bizim müdafiə nöqtələrimizi atəşə tutur. Düşmənə cavab atəşi açılsa da bu hücum itkisiz ötüşmür. İbarət Faiq oğlu Əkbərov yaxınlığına mərmi düşməsi nəticəsində şəhid olur…

        44 günlük şərəfli yolun 15 gününü getmək qismət oldu İbarət Əkbərova. Amma özündən sonra gələcək nəslə azad vətən torpaqları, qalibiyyət sevinci saxlayıb getdi. Bir də ondan şokolad gözləyən ümid dolu həsrətli körpə baxışlarını yadigar qoydu bizə…

        Şəhadətindən sonra Əkbərov İbarət Faiq oğlu “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

        Ruhun şad olsun, vətən oğlu!

Sevil Gül Nur.

Gənc kəşfiyyatçı

        Dürdanə ana ilə necə danışacağımı, nədən başlayacağımı bilmirdim. Bu, elə bir məqamdır ki, dilin tutulur, sözlər boğazında kilidlənib qalır, nə deyəcəyini bilmirsən. Səssizcə dərdli ananın ağrısını ruhunda hiss edir, acısını qəlbində duyursan. Və susaraq gözlərindən süzülən kədərdə boğulursan. Zatən, bu an nə desən, nə danışsan, kəlmələr aciz bu dərdin önündə. Oğul itirmiş bir ananın acısını təzələsəm də şəhidimin adını yaşatmaq üçün özümdə güc toplayıb sözə başladım. Şəhidimin ruhunu hörmətlə yad edib ilk sualımı verdim. Bir-birinə sıxılan göz qapaqları toqquşan buludları xatırlatdı və leysan yağmağa başladı…

        Məmmədov Məcid Rafiq oğlu 2002-ci il yanvar ayının 10-da Cəlilabad rayonunun Hacıcavad kəndində doğulmuşdu. Orta məktəbi 5-ci sinfə qədər bu kənddə oxumuş, sonradan ailəsi ilə birlikdə Bakıya köçdüyündən təhsilini Binəqədi rayon 115 saylı məktəbdə davam etdirmişdi. Uşaqlıqdan ata nəvazişi görməyən Məcid bütün mehrini anasına salmışdı. Anasına çox bağlı idi. O çox mərd, qoçaq oğlan idi. Heç bir çətinlik onu qorxutmurdu. Hər vəziyyətdə üzü gülürdü. Keçirdikləri ağır həyata baxmayaraq həmişə nikbin əhvalda olurdu. Anasını üzgün görəndə boynunu qucaqlayaraq ürək-dirək verir, hər şeyin yaxşı olacağını deyirdi.

        2020-ci ildə həqiqi hərbi xidmətə çağırılan Məcid qoçaqlığı və intizamı ilə hərbi hissədə də hər kəsin rəğbətini qazanır. Anasına tez-tez zəng edərək ondan nigaran qalmamasını xahiş edir, öz vəziyyətinin yaxşı olduğunu söyləyirdi ki, anası xiffət çəkməsin.

        2020-ci il sentyabrın 26-da Məcid yenə anasına zəng edib hal-əhval tutur, vəziyyəti ilə maraqlanır. Sağollaşarkən isə: – “Özündən muğayat ol, ana!”, – deyərək sanki vida edir. Dürdanə ananın ürəyi şiddətlə döyünməyə başlayır: -“Sən özünü qoru , ay bala, sən cəbhədəsən, düşmənlə üz-üzəsən”, – deyə oğluna ehtiyatlı olmağı tapşırır. Məcid yenə şən əhvalla hər şeyin yaxşı olacağını deyir. Səhəri gün isə müharibə başlamışdı. Dürdanə ananın narahatlığı da artmışdı. Keçən hər saniyə ona il qədər uzun gəlirdi. Məcid iki gün sonra yenə zəng edir. Ayın 28-də gələn zəng ananı bir qədər sakitləşdirir. Məcid sevinclə ordumuzun zəfərindən, əsgərlərimizin şücaətindən danışır, tezliklə torpaqlarımızın azad olunacağını söyləyir. Dürdanə ana deyir ki, bu sözləri deyəndə onun sevincini, həyəcanını görmək lazım idi. Doğma torpaqların azad olunmasını, bunda onun da payının olmasını çox istəyirdi Məcid. Həmişə deyirdi ki, biz öz torpaqlarımızı düşməndə qoymayacağıq, azad edəcəyik, Qarabağda bayrağımızı dalğalandıracağıq. Kəşfiyyatçı əsgər müşahidə məntəqəsindən durbinlə baxdığı yerlərə tezliklə gedəcəklərinə çox inanırdı.

        Məcidin ana nənəsi qədim İrəvan torpağından idi, 1988-ci ildə öz doğma yurdlarından didərgin düşərək ailəsi ilə birlikdə Bakıda məskunlaşmışdı. Məcid vaxtilə nənəsinin anasına danışdığı vətən həsrətli söhbətləri, Qarabağın işğalının acı nəticələrini anasının dilindən çox eşitmişdi. Qarabağı, İrəvanı görməyən uşağın qəlbində vətən sevgisi də elə anasının söhbətlərindən baş qaldırmış, vətənpərvərlik hissi yüksəlmişdi. Tez böyümək, vətənini yağılardan azad etmək istəyirdi.

Sentyabrın 27-dən döyüşə atılan Məcid Talış və Suqovuşan kəndləri uğrunda gedən döyüşlərdə iştirak edir. Gənc əsgər düşmənə qarşı qəhrəmancasına mübarizə aparır.

        Pandemiya səbəbindən əsgərlərlə valideynlərin görüşü təxirə salınmışdı. Amma ana oğluna və onun əsgər yoldaşlarına tez-tez sovqat göndərirdi. Son dəfə sentyabrın 15-də göndərdiyi pay Məcidin istəklərinə əsasən hazırlanmışdı. Məcid son dəfə anasının bişirdiyi təamlardan dadmışdı…

        Məcidin 19 yaşı yanvarın 10-da tamam olacaqdı. Dürdanə ana ümid edirdi ki, tezliklə bu qadağalar aradan qalxacaq, o da balasını görməyə gedəcək. 9 ay idi ki, oğlunun yanına gedə bilməyən ana yanvarda hərbi hissəyə gedəcəyini, oğluna sürpriz edəcəyini düşünürdü. Sən demə, tale ana və balaya dəhşətli sürpriz hazırlayıbmış…

         Oktyabrın 1-də gələn naməlum zəng Dürdanə ananın ürəyini titrədir. Rayon hərbi hissə komissarlığından Məcidin yaralandığı, bu səbəbdən də evə gətiriləcəyi deyilir. Qəhərdən boğazı quruyan ana birtəhər özünə gəlib:-“Axı yaralını hospitala aparırlar. Evə niyə gətirirsiniz?”-deyə soruşsa da sualı cavabsız qalır. Ana artıq vəziyyəti anlayır. Qəlbi dağlanmış ana Bakıdan kəndə yola düşür. Yolu necə gəldiyini isə bir Allah bilir, özü heç nə xatırlamır…

         Məcid Rafiq oğlu Məmmədov 2020-ci il 1 oktyabr tarixində Suqovuşan ətrafında döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdu…

        Ruhun şad olsun, şəhidim! Uğrunda can verdiyin torpaqlar işğaldan azad olundu, silahdaşların torpaqlarımızla bərabər sənin də qisasını aldılar. Aramızdan cismən getsən də, ruhən bizimləsən! Səni daim qəlbimizdə yaşadacağıq!

        Məcid Rafiq oğlu Məmmədov şəhadətindən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Sevil Gül Nur.

Ölümlərin şərəflisi – şəhadət

       “Nə vaxt Xocalının qisasını alacağıq, o vaxt başıdik gəzəcəyik” – bu, Xocalı soyqırımı baş verəndən bir gün sonra dünyaya gəlmiş, bu dəhşətləri görməyən bir gəncin sözləridir. O gəncin ki, böyüdükcə qəlbindəki vətən sevgisi də böyümüş, düşmənə qəzəbi aşıb-daşmışdı. O gəncin ki, bütün həyatını hərbə həsr etməklə illərlə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımılara, edilmiş işğala qarşı düşmənə layiqli cavab verməyə qalxmışdı. Milli kimliyini unutmayan, müqəddəs dininə hörmətlə yanaşan bu gənc türkçü kimi türk cəngavəri Kür Şadı, müsəlman kimi Həzrəti Əlini özünə örnək götürmüşdü. Bu iki tarixi şəxsiyyətin haqq uğrunda savaşı, ədalətli, mübariz olması onu da bu yolla getməyə sövq etmişdi. Tofiq Əmirlidən danışıram. Vətən müharibəsinin ilk günlərindən cəbhədə döyüşmüş, düşməni ağır itkilərə məruz qoymuş şəhid Tofiq Əmirlidən.

        Əmirli Tofiq Şəmsəddin oğlu 27 fevral 1992-ci ildə Cəlilabad rayon Fətullaqışlaq kəndində dünyaya gəlmişdir. İbtidai təhsilini həmin kənddə almış, sonra ailəsi ilə birlikdə Cəlilabad rayonu Göytəpə şəhərinə köçmüşdür. 2010-cu ildə Göytəpə şəhər Vüqar Mürsəlov adına 1 saylı tam orta məktəbini bitirmişdir.

2011-2012-ci illər ərzində Sərhəd qoşunlarında xidmət edən Tofiq xidmətdə fərqləndiyinə görə komandirləri tərəfindən bir neçə dəfə təltif edilmişdir.

        Tofiqin vətənpərvərlik hissi çox yüksək idi. O, torpaq uğrunda can qoyan şəhid qardaşlarımızın qisasını almaq istəyirdi. Torpaq işğalda olarkən o bu torpaqda addım atıb gəzə bilməzdi. Bu məqsədlə də hərbi xidmətdən qayıtdıqdan sonra sənədlərini DSX-yə təqdim etdi və qəbul olundu.

        Vətənə olan sevgisi, hərbə olan yüksək marağı onu Xüsusi Təyinatlı Qüvvələrin sıralarına gətirib çıxardı. Burada çətin təlimlərdən keçərək, xüsusi tapşırıqları yerinə yetirərək yüksək döyüş bacarığına sahib oldu. İndi Tofiq düşmənlə üz-üzə gəlmək, körpə balaların, gözüyaşlı anaların intiqamını almaq istəyirdi.

         Tofiqin döyüş yolu 2020-ci il 26 sentyabr tarixindən başlayır. Həmin gün qardaşı Nicata: “Mənə zəng çatmasa, narahat olmayın, telefonu söndürəcəyəm. Evdə heç nə demə. Özünüzdən muğayat olun”,- deyə səs göndərmiş və

döyüşə yollanmışdır. Sentyabrın 26-dan oktyabrın 7-nə qədər Şimal cəbhəsində bir neçə uğurlu əməliyyatlara qatılmış, 8 oktyabrdan Cəbrayıl istiqamətində əməliyyatlarda iştirak etmişdir.

         Tofiq həm də yaxşı snayperçi idi. Cəbrayıl istiqamətində ilk əməliyyatında axşam vaxtı irəliləyən bölmələrini qorumaq məqsədi ilə bir az arxada snayper mövqeyində olur. Termal nişangahla ermənilərin bizim bölmələri mühasirəyə alaraq pusqu qurmaq cəhdlərini aşkar edir və bölmələrimizə rabitə ilə məlumat verir. Tofiqin sərrast snayper atışları nəticəsində düşmən xeyli itki verir, bölük mühasirədən qurtulur. Daha sonra döyüş mövqeyindən çıxaraq bölüyünə köməyə gəlir, yaralı dostunu çiyninə alaraq tibb məntəqəsinə çatdırır. Düşmən postlarını bir-bir alaraq bir neçə strateji yüksəklik və kəndləri azad edirlər.

Tofiq Əmirlinin şücaəti bununla yekunlaşmır. Onun göstərdiyi qəhrəmanlıqlardan biri də yoldaşlarını susuzluqdan xilas etmək olmuşdur. Belə ki, ağır döyüşlərdən sonra bölmələrinin su ehtiyatı tükənmişdi. Susuzluq hər kəsi haldan salmışdı. Tofiq əvvəl keçdiyi ərazidə su gördüyünü xatırlayır və nə olur, olsun gedib su gətirəcəyini komandirinə bildirir.

         Bu, çox təhlükəli bir iş idi – bunun üçün düşmən mövqelərindən görünən ərazilərdən keçmək lazım idi. Düşmən hər an atəş aça bilərdi. Lakin Tofiq fikrində qəti idi. Əskərlər güc toplamalı, növbəti döyüşə atılmalı idilər. Bu fikirlərlə də o, düşmənin minamyot, avtomat mərmilərinin altında əllərində su qabları qaçaraq gedir və bir müddət sonra əlidolu qayıdır. Həmin vaxt Tofiq oruc tutmuşdu. Özü oruc olduğu halda, yoldaşlarını susuz qoymamış, onlara su gətirmişdi.

Tofiq sonuncu dəfə 13 oktyabr Cəbrayılın Mirək kəndi ətrafında gedən döyüşlərdə iştirak etmişdir. Döyüş zamanı yaxınlığına düşən minamyot mərmisi nəticəsində şəhid olmuşdur.

        Tofiq şəhid olandan sonra anası Xatirə xanım oğul həsrətinə dözə bilməmiş, 12 gün sonra dünyasını dəyişmişdi. Şəhidimizin atası Şəmsəddin müəllimlə danışanda dedi: “Qızım, o, Tofiqsiz yaşaya bilməzdi, yaşamadı da. Tofiq də bunu bilirdi. Ona görə həmişə deyirdi ki, ölməkdən qorxmuram, amma qorxuram ki, anam buna dözməz. Anası üzdə sakit görünsə də, demə, dərdini içindən çəkirmiş. İndi o rahatdır, oğlunun yanındadır, dərdi bizə saxladı, getdi…”

        Tofiq Əmirli üçün şəhadət – ən şərəfli ölüm idi. Həmişə deyirdi: “Şəhidlik hər kəsə nəsib olmur. Heç inanmıram, mənə də qismət ola”.

        Şəhidim, şəhadət şərbətini içmək sənə də nəsib oldu. Şəhadət sarayında ən uca məqama yüksəlməklə qəlblərdə məskən saldın, könüllərin sultanı oldun. Ruhun şad olsun, şəhidim! İndi hər göyə baxanda səmadan bizə gülümsəyən çöhrəni görür, ruhun qarşısında ehtiramla baş əyirik!

“Elə bir ölüm ola,

Çıxarasan dadını.

Ölümlə qazanasan

Ölümsüzlük adını”.

       Tofiq Şəmsəddin oğlu Əmirli şəhadətindən sonra ” Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları, “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordenlə təltif edilmişdir.

Sevil Gül Nur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir