Hər il aprelin 24-ü ərəfəsində bütün dünyada erməni lobbisinin fəallığı artır, beynəlxalq ictimaiyyəti qondarma “erməni soyqırımı”na inandırmaq üçün yeni cəhdlər edilir, bu məqsədlə müxtəlif yollara istinad olunur. Ermənipərəst mövqedən çıxış edən, yaxud qondarma “erməni məsələsi”ndən siyasi maraqları naminə istifadə etməyə çalışan müxtəlif ölkələrdəki bəzi siyasi dairələr də bu uydurma iddiaları dəstəkləyirlər.
ABŞ Prezidentinin “soyqırımı” ifadəsini işlətməsi tarixin təhrif olunması, həqiqətlərin danılması, beynəlxalq hüququn nüfuzdan salınması kimi qiymətləndirilməli və şiddətlə qınanılmalıdır. Əvvəla, 1915-ci il hadisələrinə qiymət vermək tarxiçilərin işidir. Digər tərəfdən, bu addım ilk növbədə ABŞ-ın milli təhlükəsizliyinə və dövlət maraqlarına ziddir. ABŞ-ın öz müttəfiqləri qarşısında inamının itirilməsinə gətirib çıxara bilər. Belə ki, rəsmi Vaşinqton faktiki olaraq NATO üzrə müttəfiqi və regionda təhlükəsizliyə, sabitliyə töhfə verən Türkiyəyə qarşı tarixi haqsızlıq nümayiş etdirib. Bu da ilk növbədə iki ölkə arasındakı münasibətlərə xələl gətirə, ciddi problemlər yarada bilər. Hesab edirəm ki, siyasi nöqteyi-nəzərdən ABŞ Prezidenti tərəfindən belə bir addımın atılması qəbulediməzdir. Çünki indiyə qədər erməni lobbisinin bütün ciddi-cəhdlərinə baxmayaraq, ABŞ-ın dövlət başçıları “genosid” ifadəsini işlətməyib.
Saxta “erməni soyqırımı” iddialarını tanımaqla bir sıra siyasi və iqtisadi maraqlarını təmin etməyə çalışan mərkəzlər bu məsələdən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Ümumiyyətlə, məsələnin tarixi köklərinə nəzər saldıqda 1915-ci il 24 aprel tarixinin məhz erməni cinayətkarlığı, quldurluğu ilə bağlılığı, soyqırımına məruz qalan tərəfin isə elə həmin dövrdə Anadoluda və Cənubi Qafqazda yaşayan türklər olduğu danılmaz faktlarla üzə çıxır. Bundan başqa, tarixin müxtəlif dövrlərində baş verən hadisələrə diqqət yetirdikdə zaman-zaman əsl soyqırımının məhz ermənilər tərəfindən Azərbaycan xalqına və türklərə qarşı törədildiyi tam aşkar olur.
İki qardaş dövlətin başçıları bütün məsələlərdə olduğu kimi, bu dəfə də ABŞ Prezidentinin məlum bəyanatına qarşı eyni mövqedən çıxış ediblər. Aprelin 24-də Azərbaycan Prezidenti ilə Türkiyə Prezidenti arasında telefon danışığı olub. Telefon danışığı əsnasında dövlət başçıları ABŞ Prezidenti C.Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar bəyanatını qınayıblar.
Azərbaycanın mövqeyi konkret və birmənalıdır. Türkiyə Prezidenti ilə telefon danışığı zamanı bu qərarın yanlış olduğunu qeyd edən Prezident İlham Əliyev onu tarixi səhv adlandırıb. Dövlətimizin başçısı Azərbaycanın bu bəyanatı qəbuledilməz hesab etdiyini vurğulayıb. Telefon danışığı zamanı dövlətimizin başçısı Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd edib. Türkiyə Prezidenti dəstəyə və ifadə etdiyi mövqeyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. O da Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb. Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətləri bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edir.
Ermənilər xalqımıza qarşı da dəfələrlə kütləvi qırğınlar törədiblər. Bu, danılmaz həqiqətdir. 1905-1907, 1918-ci il qırğınları, 1992-ci ildə baş vermiş Xocalı soyqırımı buna sübutdur. İnsanlığa sığmayan cinayət aktını törədən erməni millətçiləri və onların havadarları öz siyasi məqsədləri naminə tarixdə heç zaman olmayan uydurma “soyqırımı”nı gündəmdə saxlamağa çalışırlar. Hesab edirəm ki, qondarma “erməni soyqırımı” anlayışı yalnız siyasi təzyiq alətidir. Yaxşı olardı ki, “tarixi həqiqətlər axtarışı”nda olan qüvvələr erməni millətçilərindən Mərkəzi Anadoluda, eləcə də Azərbaycan ərazisində törətdikləri amansız qətllərin hesabını istəyərdilər.
İlham Əliyev, Cəlilabad GEM-in direktoru