Prezident İlham Əliyevin bir neçə gün bundan əvvəl səfərdə olduğu Hacıqabul rayonundakı aqroparklar, əlbəttə ki, nümunə sayıla bilər. Hər şeydən əvvəl ona görə ki, burada xeyli insan üçün iş yerləri açılıb, yüzlərlə yerli sakin bu aqroparklarda məşğulluq tapıb. Biz ölkə başçısının burada söylədiyi fikirlərlə tamamilə razıyıq. O, bütün işlərin mahiyyətini, çox gözəl bilir. Məhz Prezident İlham Əliyevin aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq ölkəmizdə aqroparkların yaradılması geniş vüsət alıb. Cənab İlham Əliyev həmin aqroparkların hər birinin açılışında iştirak edib, əməkçilərlə görüşüb və öz tövsiyələrini verib. Bu isə ölkə başçısının müasir tələblərə cavab verən belə aqromüəssisələrə çox böyük önəm verməsini sübut edir. Aqroparkların yaradılması üçün iri miqasda vəsait yatırılıb, o cümlədən su, qaz, elektrik və yol çəkilişi, meliorativ tədbirlər və digər infrastruktur işlərinə milyonlarla manat dövlət əsaslı investisiya qoyulub. Aqroparklar milli iqtisadiyyatımızın perspektiv istiqamətərindən biridir. Üstünlüyü ondan ibarətdir ki, burada daha bol məhsul yetişdirilir və məhsuldarlıq da daha yüksəkdir. Bu, təbiidir, çünki burada ən müasir aqrotexniki tədbirlər tətbiq olunur..
Şübhəsiz ki, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında, ixrac potensialının və məşğulluğun artırılmasında xüsusi əhəmiyyət kəsb edən bu aqroparkların yaradılması nəticəsində kənd təsərrüfatı məhsullarımızın istehsalı böyük həcmdə artır. Bununla da ölkə qarşısında duran əsas vəzifələrdən biri – ərzaq təhlükəsizliyi məsələsi öz həllini tapır. Prezident İlham Əliyevin Hacıqabul rayonunda dediyi kimi, kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, logistikası və satışını bütünlükdə bir zəncir kimi özündə birləşdirən və kənd təsərrüfatı məhsullarının torpaqdan istehlakçının süfrəsinədək bütün mərhələləri əhatə edən, həmçinin uzun müddət istifadəsiz qalmış və yararsız hala düşmüş torpaqları yenidən dövriyyəyə qaytaran bu aqroparklar həm də regionlarda yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynayır. Prezident qeyd edib ki, bu cür yanaşma bizim bütün böyük təsərrüfatlarımızda və eyni zamanda, kiçik fermer təsərrüfatlarında tətbiq olunarsa, onda biz ərzaq təhlükəsizliyi məsələləri ilə bağlı işlərimizi tamamlamış olacağıq. Qeyd edək ki, aqroparkların bir üstünlüyü də ondan ibarətdir ki, onlarda ən müasir texnologiyalar tətbiq olunur, o cümlədən müasir suvarma texnologiyaları, suvarma sistemləri quraşdırılır.
Göründüyü kimi, aqroparkların maddi-maliyyə, texniki təchizatına dövlətimiz, onun başçısı tərəfindən xüsusi diqqət yetirilir. Bütün bunlar isə o deməkdir ki, kifayət qədər maliyyə resurslarına malik olan ölkəmiz bu gün bütövlükdə aqrar sahəni modernləşdirir. Təbii ki, bu modernləşdirmə inkişafın əsas istiqaməti kimi aqrar sahənin təkcə tərkib elementlərinin deyil, həmçinin onun daxili harmoniyasının müasirləşməsinə də xidmət edir. Görülən bu işlər aqrar sahənin dinamik inkişafında mühüm rol oynayır və Azərbaycan iqtisadiyyatına yeni nəfəs gətirir.
Bir daha qeyd olunmalıdır ki, aqroparkların fəaliyyətinin bu şəkildə qurulması cənab Prezidentin ölkəmizin aqrar sektorunda apardığı uğurlu siyasətin təzahürüdür, onun göstəricisidir. Məsələn, bizim rayondakı “Günəşli” Aqroparkında da bu sahədə müəyyən işlər görülüb. Aqropark fəaliyyətə başlayarkən burada 230 baş cins inək var idi. İndi onların sayı 1000 başa çatdırılmışdır. Xatırlaadırıq ki, bu müəssisənin açılışını hörmətli Prezidentimiz edib. Aqroparkın aqroparkın yaradılması bir daha sübut etmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aqrar sahənin inkişafı istiqamətində görülən işlər, dövlətimizin başçısının bu sahənin təkmilləşdirilməsi və müasirləşdirilməsi üçün qəbul etdiyi qərarlar ölkəmizin hərtərəfli inkişafına yeni stimul verir. Bütün bunlar üçün möhtərəm Prezidentimizə təşəkkür edirik, ona vətəndaşların rifah-halının yüksəldilməsi yolunda daha böyük uğurlar diləyirik.
Sahibəli Seyfullayev, Cəlilabad DAİM-in direktor müavini