Bu gün dünyanın gözü Azərbaycandadır. Həm döyüş meydanında, həm də informasiya məkanında öz sözünü deyən Azərbaycan bundan öncə yerli və xarici media nümayəndələri üçün keçirilən mətbuat konfransında da bütün dünyanı yaxşı mənada təəcübləndirmişdi. Eyni vəziyyəti bu konfransda da gördük. Əgər müharibədən sonra Azərbaycanın mövqeyi haqqında beyinlərdə xırda da olsa sual qalmışdısa indi bütün o qaranlıq məqamlara da aydınlıq gətirildi. Dövlətimizin başçısının istənilən mövzuda sualı təmkin, diplomatik məharət, faktlarla şərh etməsi artıq dünyada Azərbaycan haqqında olduqca müsbət imic formalaşdırıb. Aparıcı beyin mərkəzlərinin təmsilçilərinin Azərbaycana olan marağı, sualları göstərir ki, indi beynəlxalq aləm bizim yaratdığımız reallığı yaxında izləyir. Azərbaycan liderinin istər bir siyasətçi kimi siyasi iradəsi, istərsə də bir insan kimi bütün müsbət şəxsi keyfiyyətləri elə Azərbaycan xalqının özünün imici haqqında dünyada olduqca müsbət imic formalaşdırır.
Azərbaycanı dünyanın etibarlı tərəfdaşı mərtəbəsinə qaldıran, onu müstəqil xarici siyasət yeridən bir dövlət kimi tanıdan Prezident İlham Əliyev konfransda Azərbaycanın mövqeyini bir daha milli maraqları əsas tutmaqla diqqətə çatdırdı. Azərbaycana olan müsbət münasibət bir daha göründü. Dünya Azərbaycanın nə qədər həmrəy, öz liderinin ətrafında hər keçən gün daha da möhkəm birləşdiyinin şahidi oldu. Bu birlik isə sarsılmazdır. Azərbaycan xalqı əmindir ki, Prezident İlham Əliyev xalqımızın alternativsiz lideri, onun milli maraqlarının hamisidir.
Biz bir daha şahid olduq ki, Azərbaycan yeni reallıqlar yaradıb, bunu Ermənistan da qəbul etməlidir. Azərbaycan sülhə hazırdır. Əslində, Azərbaycan Prezidenti “Ermənistan öz statusuna aydınlıq gətirməlidir” deyərkən ötürdüyü mesajlar bir tərəfdən Ermənistanda olan indiki revanşist dairələrə idisə, digər tərəfdən, həm də onları himayə edənlərə idi. Bəli, dövlətimizin başçısı yenə də əsas tutduğu hücum diplomatiyası ilə Ermənistana və lazımi dairələrə, lazımi mesajları ötürdü. Artıq Azərbaycan əvvəlki Azərbaycan deyil. Azərbaycan öz ərazi bütövlüyünü özü təmin edən, regionda yeni reallıq yaradaraq hər kəsi bununla razılaşmağa, barışmağa və hesablaşmağa məcbur edən ölkədir. Prezident İlham Əliyev “İsgəndər-M” raketləri bağlı da yenə qətiyyət nümayiş etdirdi. Bu isə bir daha göstərir ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə heç bir halda prinsiplərindən dönmür. Tarixə diqqət çəkən Azərbaycan Prezidenti bir daha xatırlatdı ki, Ermənistan kimlərin əli ilə, kimin tarixi torpaqlarında, hansı məqsədlə yaradıldığını unutmasın. Bunların hamısı tarixi həqiqətlərdir. Bunun üçün isə XX əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayətdir.
Azərbaycan burada yaşayan bütün millətlərin, etnik qrupların doğma Vətənidir və İkinci Qarabağ müharibəsi bunu bir daha sübut etdi. Azərbaycan çoxmillətli ölkədir. Vətən müharibəsi zamanı bütün millətlərdən, etnik qruplardan olan insanlar Vətənləri uğrunda döyüşürdülər. Azərbaycanda bütün dinlərə və inanclara hörmətlə yanaşılır. Azərbaycanın müxtəlif yerlərində xristian abidələri qorunur. İşğal olunmuş ərazilərdə dağıdılmış bütün abidələr bərpa olunacaq. Azərbaycan ərazisində bütün dinlərin məbədləri dövlət tərəfindən qorunur, dövlət tərəfindən tikilir və bütün dünya bunu bilir. Müharibə şəraitində belə sahib olduğu humanizm dəyərlərinə sadiq qalaraq mülki insanlara, tarixi-dini abidələrə, sosial-ictimai obyektlərin təhlükəsizliyinə xüsusi həssaslıq və diqqətlə yanaşan Ali Baş Komandanımızla hər birimiz qürur duyuruq. Biz möhkəm əminik ki, Ermənistan müharibə cinayətlərinə, təbiətə, dinc əhaliyə, mülki infrastruktura vurduğu ziyana görə mütləq cavab verməli olacaq.
İşğaldan azad edilmiş torpaqlarda yenidənqurma işləri haqqında da məlumat verən dövlətimizin başçısı Azərbaycanın Qarabağda əsas infrastruktur layihələrinin üç il müddətində başa çatdırmasını hədəflədiyini, işğaldan azad edilmiş ərazilərin əsasən ölkə iqtisadiyyatımızda, qeyri-enerji sektorunda, o cümlədən nəqliyyat sektorunda vacib yerlərdən birini tutacağını qeyd etdi. Türkiyə, İtaliya, Böyük Britaniya kimi ölkələrin bu işlərdə yer alması bir daha göstərdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda əməkdaşlıq yaradaraq, daha bir beynəlxalq uğura imza atdı.
Hörmətli Prezidentimizin dərin məzmunlu çıxışlarında bir daha gördük ki, Azərbaycan özü öz taleyinin qurucusu, yaradıcısıdır. Müstəqil siyasət yürüdən, Azərbaycan xalqının milli maraqlarını məqsəd tutaraq hər keçən gün onun haqq səsini dünyada daha da ucaldan şəxs isə ümummilli liderin Heydər Əliyevin siyasi xəttini daha da inkişaf etdirən Prezident İlham Əliyevdir.
Elçin Hüseynov – Cəlilabad rayon Gənclər və İdman idarəsinin rəisi