• C. Sen 19th, 2025

Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci ildir ki, qeyd olunur.

ByVuqar Ferzeliyev

Sen 19, 2025

Bu əlamətdar günün təsis olunması Azərbaycanın son otuz ildən artıq müddətdə keçdiyi məşəqqətli yolun nəticəsidir. Minlərlə şəhidimizin qanı, igidlərimizin qəhrəmanlığı və dövlətimizin güclü siyasi iradəsi sayəsində torpaqlarımız azad edilmiş, düşmənin silahlı dəstələri tərk-silah edilərək ərazilərimizdən birdəfəlik çıxarılmışdır.
2023-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində dövlət bayrağını ucaltdı. Bu hadisə tariximizdə dönüş nöqtəsi oldu. Prezident çıxışında qeyd etmişdi ki, hələ iyirmi il əvvəl Prezident kimi fəaliyyətə başlayarkən qarşısına qoyduğu bir nömrəli vəzifə Azərbaycanın işğal altında olan torpaqlarında üçrəngli bayrağımızı dalğalandırmaq idi. Bu gün həmin missiya uğurla həyata keçirilib.
Ardınca mühüm addımlar atıldı. 2023-cü ilin noyabrında Xankəndidə Vətən müharibəsində əldə edilən qələbənin üçüncü ildönümünə həsr olunmuş hərbi parad keçirildi. Elə həmin ilin dekabrında Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə dəyişiklik edilərək mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradıldı. Xankəndidə isə “Qarabağ” futbol komandasının iştirakı ilə otuz ildən sonra ilk rəsmi futbol oyunu keçirildi.
Azad olunmuş ərazilərdə yeni həyatın qurulması istiqamətində də mühüm işlər həyata keçirilir. Prezident İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli Sərəncamı ilə Qarabağ Universiteti təsis olundu. Bu addım regionun iqtisadi potensialına, bərpa və quruculuq işlərinə, həmçinin əmək bazarının tələblərinə uyğun olaraq yüksək ixtisaslı kadrların hazırlanması məqsədini daşıyır.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva dəfələrlə Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə səfərlər edərək burada aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olmuş, yeni məktəblərin, bağçaların, hotellərin, teatrların, zavodların, yolların, məscidlərin və digər sosial infrastruktur obyektlərinin açılışlarında iştirak etmişlər. Bu səfərlər həm də Azərbaycan dövlətinin azad olunmuş torpaqlara xüsusi diqqətini göstərir.
Bu gün qeyd etdiyimiz Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü yalnız qələbəmizin sevinci deyil, həm də gələcəyə inamın ifadəsidir. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı işlər Azərbaycanın gücünü, xalqımızın iradəsini və dövlətçiliyimizin möhkəm əsaslarını bir daha təsdiqləyir.
20 sentyabr həm şəhidlərimizin xatirəsinə ehtiram, həm də milli birliyimizin və ərazi bütövlüyümüzün əbədi rəmzidir. Bu gün biz yalnız torpaqlarımıza qayıdışı deyil, həm də Azərbaycanın gələcəyinə, Qarabağın dirçəlişinə olan böyük inamı bayram edirik.

Sürəyya Zeynalova
Saatlı Tarix-diyarşünaslıq muzeyinin direktoru