Müstəqil siyasəti ilə tarixi Zəfərinə yol açan Azərbaycan yaşadığı bərpa və quruculuq dövründə yalnız dost ölkələrin yanında olmasını, onların iştirakı ilə nəzərdə tutulan işlərin başa çatdırılmasını istəyir. Bu da təbiidir. Bu baxımdan ki, həqiqət anı kimi dəyərləndirdiyimiz Vətən müharibəsindən sonra da dünyanın supergücləri ikili siyasətlərindən əl çəkə bilmir, fürsət düşdükcə işğalçı Ermənistana dəstək göstərir, yenə də qərəzli yanaşma ilə üz-üz qalan Azərbaycan olur.
Azərbaycan dövlətinin beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsində təşəbbüskarlığı, dünyanı cənginə almış koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin həyata keçirildiyi iki ilə yaxın dövr ərzində 30-dan artıq ölkəyə humanitar yardım göstərməsi, həmçinin “Qlobal problemə qarşı qlobal birlik, həmrəylik gərəkdir” bildirərək müxtəlif təşəbbüslərlə çıxış etməsi, o cümlədən BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi ölkəmizin, Prezident, Ali Baş Komandan İlham Əliyevin nüfuzunun göstəricisidir. Möhtərəm Prezidentimiz qlobal səhiyyə böhranı fonunda “peyvənd millətçiliyi”nin narahatlıq doğurduğunu önə çəkərək Azərbaycan pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir sıra təşəbbüslər irəli sürüb. Azərbaycan 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüş və onu təşkil etmişdir. Zirvə Toplantısının praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılmışdır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının təmin edilməsi üçün həmin məlumat bazasından istinad mənbəyi kimi istifadə edir. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etmişdir ki, onun yarısı Qoşulmama Hərəkatının üzvlərinə birbaşa yardım idi. Bununla yanaşı, koronavirusa qarşı mübarizələrini dəstəkləmək üçün Azərbaycan Qoşulmama Hərəkatının üzvləri daxil olmaqla, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir. Azərbaycan təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə etmişdir. Azərbaycanın ehtiyaclarından qat-qat artıq peyvənd tədarük edən bəzi ölkələrin davranışını ictimai şəkildə qınadığını diqqətə çatdırdı və bu rəqəmi açıqladı ki, bu günədək dünyada mövcud olan peyvəndlərin 82 faizdən çoxu zəngin dövlətlər tərəfindən alınıb. Azgəlirli ölkələrin payına düşən peyvənd həcmi isə yalnız 0,9 faiz təşkil edir. Belə münasibət inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrin öz əhalisini qorumaq imkanına mane olur.
Azərbaycanın hər bir məsələyə ədalət meyarından və beynəlxalq hüququn norma və prinsipləri çərçivəsindən yanaşması bu dəyərləri maraqlarının arxasında gizlədən dövlətlərə və nüfuzlu beynəlxalq təşkilatlara nümunə olmalıdır.
Zakir Əliyev