• Şb. Noy 23rd, 2024

Azərbaycanla Serbiya arasında sosial təminat sahəsində əməkdaşlıq sazişi

ByYenigun.news

Apr 22, 2021

Əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri  Sahil Babayevlə Serbiyanın əmək, məşğulluq, veteranlar və sosial işlər naziri Darija Kisiç Tepavçeviçin  onlayn formatda görüşü olub.

“Yenigun.news” xəbər verir ki, S.Babayev Azərbaycanla Serbiya arasında hələ 2013-cü ildə imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamənin, 2018-ci ildə imzalanmış strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planının iki ölkə arasında dostluq münasibətlərinə əsaslanan əməkdaşlıq əlaqələrinin xeyli genişlənməsinə imkan yaratdığını vurğulayıb. Keçən il də Serbiya ilə ticarət dövriyyəsinin 6,3 faiz artdığını qeyd edərək, Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyətini diqqətə çatdırıb.

S.Babayev Azərbaycanda tikinti, xidmət sahələri üzrə 4 Serbiya şirkətinin fəaliyyət göstərdiyini, Serbiyada Azərbaycanın “Azvirt” şirkətinin uğurlu fəaliyyətini qeyd edib. Ümumilikdə iki ölkənin işgüzar dairələri arasında əlaqələrin inkişafının, biznes sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsinin Hökumətlərarası Komissiyanın fəaliyyətinin prioritetlərindən olduğunu bildirib.

İki nazirlik arasında əlaqələrin inkişaf etdirilməsinin önəmini vurğulayan nazir bunun üçün müqavilə-hüquq bazasının genişləndirilməsinin məqsədəuyğun olduğunu qeyd edib. Bildirib ki, “Azərbaycan Hökuməti ilə Serbiya Hökuməti arasında sosial təminat haqqında Saziş” layihəsi hazırlanıb. Layihə imzalandıqdan sonra sosial sahədə qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əlaqələr, təcrübə mübadilələri  genişlənəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir