• C. Noy 22nd, 2024

“Bu il Şuşada “Xarı bülbül” festivalını keçirəcəyik” – Nazir

ByYenigun.news

Mar 31, 2021

“31 mart tarixində azərbaycanlılara qarşı törədilən soyqırım haqqında filmlərin çəkilməsi barədə planlarımız var. Həm 44 günlük müharibə, həm Xocalı qətliamı, Soyqırım haqqında və ümumiyyətlə tarixi kinoların çəkilməsi planlaşdırılır. Bildiyiniz kimi, bizim bu yaxınlarda Türkiyəyə səfərimiz olmuşdu və səfərimizdə də məhz bu fikirləri müzakirə etdik. Gələcəkdə həm Azərbaycan, həm də beynəlxalq səviyyədə bu filmlərlə həqiqətlərimizi dünyaya çatdıracağıq”.

“Yenigun.news” xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov Quba Soyqırımı Memorial Kompleksini ziyarəti zamanı jurnalistlərə açıqlamasında bildirib.

Anar Kərimov Zəfər abidəsinin tikintisindən də bəhs edib: “Deyərdim ki, möhtəşəm bir kompleks və muzey olacaq. Dünyada, bəlkə də unikal bir yer olacaq. Yenə də məqsədimiz ondan ibarətdir ki, necə ki, bu Quba Memorial Kompleksi bizim üçün bir yaddaşdırsa, o Zəfər muzeyi də bizim üçün bir qürurdur”.

Mədəniyyət naziri qeyd edib ki, Şuşada “Xarı Bülbül” məqbərəsinin tikilməsi ilə bağlı işlər aparılır:

““Xarı bülbül” festivalının keçirilməsi də nəzərdə tutulur. Bu il Şuşada onu keçirəcəyik”.

A.Kərimov vurğulayıb ki, Molla Pənah Vaqifin məqbərəsi erməni vəhşiləri tərəfindən dağıdılıb:

“Məqbərənin 1982-ci ildə Ulu Öndər tərəfindən açılışı olub və çox gözəl bir memarlıq abidəsi idi. Təəssüflər olsun ki, erməni işğalı nəticəsində abidə demək olar ki, dağıdılıb. Artıq cənab Prezidentin sərəncamı ilə onun bərpasına başlanılır. Ümid edirəm ki, bu il yay aylarında o bitəcək və biz Molla Pənah Vaqifin poeziya günlərini Şuşada keçirəndə, həmin o abidə o vaxta hazır olacaq”.

Nazir ermənilər tərəfindən dağıdılmış dini abidələrin bərpasından da söhbət açıb: “Artıq bununla bağlı layihələndirmə prosesindəyik və birinci Ağdamdan başlayacağıq. Ağdamın açıq səmasında muzeyin də layihələndirilməsi prosesindəyik. Beynəlxalq ekspertləri də bu sahəyə cəlb eləmişik. Məqsədimiz ondan ibarətdir ki, açıq səmada olan bu muzeyi maksimum o səviyyədə təqdim edə bilək ki, insanlar bu dağıntıların miqyasını və erməni vəhşiliyini, xislətini həmin o abidələrdə görə bilsinlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir