Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi, diqqət və qayğısı ilə ölkəmizdə həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində 2021-ci ilin yanvar ayının 20-də Akademik Zərifə Əliyeva adına Cəlilabad şəhər 7 saylı tam orta məktəbində əhalinin vaksinləşmə prosesinə başlanılmışdır.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir. Mütəxəssislər, xüsusilə risk qrupuna daxil olan şəxslərin vaksin vurdurmasını zəruri hesab edirlər. Əhali peyvəndləmədə nə qədər fəal iştirak etsə, bz bu bəladan o qədər sürətlə qurtula bilərik. Hazırda rayonda strategiyaya uyğun olaraq peyvəndləmə davam edir.