2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə dövlətimizin gücünü nəinki düşmənə, həm də bütün dünyaya göstərdi. Böyük Zəfərimiz ordumuzun yenilməzliyini, xalqımızın əzmkarlığını, xalq, ordu və iqtidar arasındakı monolit birliyi bir daha sübut etdi. Əslində, bu Zəfər Ali Baş Komandanımızın Azərbaycan xalqının işğalla heç vaxt barışmayacağı və güzəştə getməyəcəyi ilə bağlı beynəlxalq ictimaiyyətə və təşkilatlara ünvanladığı bəyanatın təzahürü idi. Hər anı əfsanəvi qəhrəmanlıqlarla dolu bu müharibə dünya tarixinin, XXI əsr hərb elminin şəhidlərimizin qanı ilə yazılmış yeni səhifələri oldu. Tarixi ədaləti bərpa etmiş Azərbaycan xalqı. düşməni əzəli torpaqlarımızdan qovdu, tarixi ədaləti bərpa etdi.
Beləliklə, Azərbaycan Ordusu öz şərəfli missiyasını yerinə yetirdi. Qaraxanbəyli kəndi müharibənin ilk günündə – sentyabrın 27-də azad edildi, ordumuz məhz buradan öz şərəfli missiyasını icra etməyə başladı və düşməni torpaqlarımızdan qovdu. Oktyabrın 17-də Füzulinin işğaldan azad olunması Vətən Müharibəsində əldə olunan qələbədə böyük rol oynadı. Ona görə də bütövlükdə 44 günlük şanlı müharibəmiz, bizim Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir və artıq hərbi ekspertlər, mütəxəssislər, hətta bir çox ölkələrin siyasətçiləri bizim müharibədən bəhs edərək bildirirlər ki, bu, XXI əsrin müharibəsidir.
Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişatında strateji əhəmiyyət kəsb etmişdir. Füzuli əməliyyatı ilə tarixi, qədim yaşayış məskənimiz azad olundu, on minlərlə insanın o yerlərə qayıtması təmin edildi. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir.
Füzulinin azad edilməsilə biz xalqımızın yeni tarixini yazdıq, şanlı qəhrəmanlıq tarixini yazdıq. Və azad edilmiş torpaqlarda bu gün artıq böyük quruculuq işləri aparılır, böyük infrastruktur layihələri icra edilir. Müzəffər Ordumuzun Ali Baş Komandanı bir daha qətiyyətli, əzmli şəkildə bildirib ki, bu gün buraya bu torpaqların sahibləri kimi qayıtmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır
və bu bayraq burada əbədi dalğalanacaq. Döyüş meydanında göstərdiyimiz gücün mənbəyi Azərbaycan xalqının iradəsidir. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib. Qələbəni görən və bu hissləri yaşayan xalq xoşbəxtdir. Azərbaycan xalqı əmindir ki, ölkənin inkişafı, cəmiyyətin rifahı və milli maraqların qorunması naminə bütün lazımi işlər görülüb və görüləcəkdir. Biz azərbaycanlılar bundan sonra öz dədə-baba torpaqlarımızda əbədi yaşayacağıq. Bütün dağılmış şəhərləri, kəndləri yenidən quracağıq, buraya həyat qayıdacaq, insanlar qayıdacaq, dünyaya bir daha xalqımızın böyüklüyünü göstərəcəyik.
Nəsib İsgəndərov