Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi hakimiyyətə rəhbərlik etdiyi son 17 il hər birimizin düşüncəsinə qələbələr dövrü kimi daxil olmuşdur. Şübhəsizdir ki, bu qələbələrin ən mühümü erməni qəsbkarları üzərindəki tarixi Qələbəmiz oldu. Prezident YAP-ın son qurultayındakı parlaq nitqlərində qeyd edib ki, bütün ötən illər ərzində bir amalla yaşamışıq: ərazi bütövlüyümüzün bərpa edilməsi, düşmənin torpaqlarımızdan qovulması. Azərbaycanda yetişən gənc nəsil də bu amal uğrunda tərbiyə olunmuşdur.
Bəli, sirr deyil ki, gənc nəsil Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişdi və torpaqlarımızı işğalçılardan azad etdi. Onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldulsrqazi oldular, qəhrəmanlıq nümayiş etdirdilər və tarixi ədaləti bərpa etdilər.
Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi, Silahlı Qüvvələrə layiqli, fiziki və mənəvi cəhətdən sağlam gənclər hazırlanması və onların ordu sıralarında xidmətinin təşkili bu gün dövlət quruculuğumuzun ən vacib məsələlərindən biri, bəlkə də ən başlıcasıdır. Bu gün fəxrlə demək olar ki, respublikamızın hər bir guşəsində aparılan mükəmməl hərbi vətənpərvərlik tərbiyəsi işi sayəsində gənclərimiz hər an düşmən qüvvələrlə döyüşə girməyə, sərhədlərimizi və ərazi bütövlüyümüzü müdafiə etməyə hazırdır.
Azərbaycan Ordusunu müasir müstəqil dövlətimizin memarı və qurucusu olan ümummilli lider Heydər Əliyev formalaşdırmışdır. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik olan Azərbaycan Silahlı Qüvvələri bu gün NATO standartlarına cavab verən səviyyədədir. Vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır, ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə hər an hazırdır.. Ordumuz torpaqlarımızın azad olunması uğrunda 44 günlük əməliyyatlarda nəyə qadir olduğunu nümayiş etdirə bildi.
Vətən uğrunda döyüşlərdə ən çox şəhid verən Cəlilabad rayonunda da gənclərin orduda hərbi xidmətə hazırlanması sahəsində qarşıda duran vəzifələr uğurla həll edilir. Bu vəzifələri yerinə yetirmək üçün bütün qüvvələr səfərbərliyə alınmış, ictimaiyyət, təhsil sistemi, valideynlər bu sahəyə yaxından kömək göstərirlər. Hər bir valideyn öz övladını hərbi xidmətə hazırlamaqda özü iştirak edir, hər yeniyetmənin və gəncin özü yaxşı dərk edir ki, bu gün də olmasa, sabah hökmən orduda xidmət keçəcək və bunu etməlidir. Bütün gənclər çağırış vaxtı çatanda özləri yerli icra strukturlarına, hərbi komissarlığa müraciət edərək hərbi xidmətə göndərilmələrini xahiş edirlər. Rayonun hər bir bucağında ibtidai hərbi hazırlığa, hərbi və fiziki tərbiyəyə ən ciddi diqqət yetirilir. Gənclər və yeniyetmələr elə tərbiyə olunur, çağırışçılarla elə iş aparılır ki, onlardan hər biri bilsin: Vətəni qorumaq, orduda xidmət etmək hər bir gəncin müqəddəs borcudur.
Hərbi vətənpərvərlik tərbiyəsi, orduda xidmətin özəllikləri ilə tanışlıq məktəblərdən başlayır, bütün işlərin əsası məhz tədris müəssisələrində qoyulur. İndi hər bir məktəbdə xalqımızın döyüş ənənələrini əks etdirən guşələr təşkil olunmuş, hərbi hazırlıq kabinetləri bu işdə əvəzsiz bir vasitəyə çevrilmişdir. Mənfur düşmənlə üz-üzə qaldığımız şəraitdə təhsil şəbəkəsində hərbi-idman oyunları belə daha yaxşı səmərə verir, şagirdlər öz bacarıqlarını nüsayiş etdirməkdən ötrü daha inamla, düşünülmüş şəkildə səy göstərirlər. Bu, həmin gənclərin orduda xidmətə mükəmməl hazırlanmasında, ibtidai hərbi biliklərə yiyələnmələrində, fiziki cəhətdən sağlam və dözümlü olmalarında çox mühüm rol oynayır.
Cəlilabadda hərbi vətənpərvərlik tərbiyəsi ilə demək olar ki, hamı məşğuldur, elə bir mühit təşəkkül tapmışdır ki, hər bir insan istənilən şəraitdə və istənilən vaxtda əsgər paltarı geyməyə hazırdır. Rayonun rəhbərləri, müharibə və əmək veteranları məktəblərə, Milli Ordumuzun hissələrinə tez-tez baş çəkir, həmin hissələrdə əsgəri borcunu yerinə yetirən gənclərimizin döyüş hazırlığı ilə yaxından tanış olur, öz dəyərli məsləhət və tövsiyələrini verirlər. Onlar həmçinin gənclərin hərbi xidmətə hazırlanmasında və onların ordu sıralarına yola salıııınması ətrafında düzənlənən tədbirlərdə canla-başla iştirak edirlər. Böyük Vətən müharibəsi veteranlarına, Qarabağ vuruşmalarının iştirakçılarına, şəhid vermiş ailələrə xüsusi qayğı göstərilir, onlara vaxtlı-vaxtında maddi yardımlar verilir, hərbi əməliyyatlar zamanı əlil olmuş keçmiş əsgərlərə lazımi müalicə üçün əlverişli şərait təmin olunur. Hərbi hissəyə övlad verən valideynlərin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına qayğı artırılır.
Rayonun bütün sakinləri Ali Baş Komandan cənab İlham Əliyevin Milli Ordunun daha da möhkəmləndirilməsinə qayğısını yüksək qiymətləndirir, onun bu sahədəki fəaliyyətini diqqətlə izləyir, bilirlər ki, Silahlı Qüvvələrimizin bu günkü səviyyəyə çatması, regionda ən qüdrətli orduya çevrilməsi ölkə başçısının yaxından göstərdiyi diqqətin bəhrəsidir. Bu böyük diqqət və qayğı üçün Ali Baş Komandanımıza daim minnətdarıq.
Ərəstun Vəliyev, Cəlilabad Raoyn Təhsil Şöbəsinin Çağırışaqədər Hazırlıq üzrə metodisti
Yenigun.news