• Şb. Noy 23rd, 2024

KORONAVİRUS TƏHDİDİ DÜNYANI ÇALXALANDIRIR QANUNLARA RİAYƏT EDİLMƏSİ MÜTLƏQDİR

ByYenigun.news

Apr 16, 2021

Son günlər dünyada koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı yenidən artmaqdadır. Dövlətimiz koronavirus pandemiyasına qarşı  sistemli şəkildə mübarizə aparmaqla üzərinə düşən bütün vəzifələri yerinə yetirir. Bu istiqamətdə görülən işlər Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi nəzarətindədir. Çıxışları zamanı dövlət başçımız dönə-dönə bildirib ki, Azərbaycan vətəndaşlarının sağlamlığının qorunması hər şeydən öndədir.

        Koronavirus infeksiyası ilə mübarizə məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Xüsusi monitorinq qrupları mütəmadi olaraq rayonda bu sahədə mövcud olan pozuntuların müəyyən edilməsi məqsədilə monitorinqlər aparır və onların aradan qaldırılması ilə bağlı təcili tədbirlər həyata keçirilir.  Ötən il Cəlilabad rayonunda karantin rejimi qaydalarını pozan 1244 şəxs barəsində qanunamüvafiq tədbirlər görülüb. Reydlər zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılaraq onlara sanitar rejimin tələbləri izah edilir, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu, bütövlükdə karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etmələri tövsiyə olunur. Vaxtaşırı olaraq Cəlilabad və Göytəpə şəhərlərinin mərkəzi küçələri, kəndlərdəki həyati əhəmiyyətli obyektlər dezinfeksiya olunur.
         Bununla belə, bəzi vətəndaşlarımızın məsuliyyətsizliyi ciddi narahatlıq doğurur. Təəssüflə qeyd etməliyik ki, bir çox  şəxslər özlərini qanundan üstün tutur, imtiyazlı təbəqə olduqlarını düşünürlər. Bu isə cəmiyyətdə haqlı narazılığa səbəb olur. Nəticədə isə karantin rejimi yumşaldıldıqdan sonra virusa yoluxma hallarının sayı artıb. Ona görə də indiki durumda xəstəliyə qarşı laqeydlik halları yolverilməzdir. Hər hansı bir qayda o vaxt səmərəli olur ki, əksəriyyət tərəfindən düzgün yerinə yetirilsin. Yalnız kollektiv məsuliyyət və nəzarətin gücləndirilməsi məsələnin həllinə kömək edə bilər. Hər birimizin koronavirusla mübarizədə sosial məsuliyyət hissini dərk etməsi vacib şərtdir. Özünü və ətrafındakıları qorumaqdan ötrü tibbi maskadan, dezinfeksiya vasitələrindən istifadə edilməli, sosial məsafə gözlənilməlidir. Məhz bu sadə qaydaları gözləməklə özümüzün və yaxınlarımızın həyatını təhlükədən xilas etmiş olarıq. Bu reallığı hamı, həmçinin bəzi ziyalılar da bilməli və başa düşməlidirlər ki, onlar da mənfi hallara görə mənəvi məsuliyyət daşıyırlar.

         Beləliklə, koronavirus pandemiyası ilə mübarizədə xüsusi nizam-intizam, məsuliyyət tələb olunur. Azərbaycan hüquqi dövlətdir, dövlətimiz vəzifə ilə deyil, qanunlarla idarə olunur və hər kəs qanun qarşısında bərabər hüquqludur. Heç kim qanundan üstün ola bilməz, hamı qanun qarşısında bərabər hüquqa malikdir. Qanundan kənar çıxanlar kimliyindən asılı olmayaraq çox ciddi qınanmalı, onlardan qanunun aliliyinin təmin edilməsi tələb olunmalıdır. Bir daha hamını virusun geniş yayılmasının qarşısının alınması məqsədi ilə dövlət tərəfindən görülən tədbirlərə dəstək göstərməyə, özünüzün və ailənizin sağlamlığı naminə COVID-19 virusu ilə mübarizədə karantin tələblərinə ciddi riayət etməyə, zəruri müalicə tədbirlərinin həyata keçirilməsinə çağırırıq. Hazırkı dövrdə ciddi zərurət yaranmadıqda ictimai yerlərdə olmamaq, digər şəxslərlə yaxın təmaslardan yayınmaq, qapalı və açıq məkanlarda sosial məsafəyə əməl etmək, tibbi maska və digər qoruyucu vasitələrdən ictifadə etmək zəruridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir