“Məhkəmə-Hüquq Şurası haqqında” qanun layihəsinə təklif edilən dəyişiklik birinci oxunuşda müzakirə edilib.
“Yenigun.news” xəbər verir ki, qanunun 8.2-ci maddəsində “əməkhaqqı” sözünün “vəzifə maaşı” sözü ilə əvəz edilməsi təklif edilir.
Bildirilir ki, bir çox normativ hüquqi aktlarda vəzifə səlahiyyətlərinin icrası ilə əlaqədar ödəniləcək pul məbləği əməkhaqqı sözləri ilə ifadə olunurdu. Belə ki, əməkhaqqı iş stajının müddətindən asılı olaraq fərqli olur.
“Vəzifə maaşı” isə işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əməkhaqqının əsas hissəsidir.
Hazırda bir sıra normativ hüquqi aktlarda “əməkhaqqı” ifadəsi “vəzifə maaşı” ifadəsiylə əvəz edilib. Layihədə nəzərdə tutulan dəyişikliyin əsas məqsədi “Məhkəmə-Hüquq Şurası haqqında” qanunun təkmilləşdirilməsidir.
Layihə birinci oxunuşda səsə qoyularaq qəbul edilib.