Siyasi konyunkturadan asılı olaraq Qərbdə bəzi qüvvələr vaxtaşırı Azərbaycanı gözdən salmaq, onun mövqeyini zəiflətmək üçün bu cür iftiralardan və böhtanlardan istifadə etməyə çalışır. Lakin Azərbaycana gəldikdə, əlbəttə ki, İkinci Qarabağ müharibəsində Qələbə bir çoxları üçün sürpriz oldu. Bu, onların xoşuna gəlmədi. Onlar Azərbaycanı zəif, asılı, işğal altında olan və hər zaman münaqişənin həlli üçün yardım istəyən ölkə kimi görmək istəyirlər. İndi isə bir halda ki, Azərbaycan bunu özü etdi və Ermənistanı məğlub etdi, Ermənistana sıx bağlılığı olan Qərbdəki həmin dairələr yenə böyük fəallığa keçiblər. Biz bunu gözləyirdik. Əslində, biz bilirdik ki, Azərbaycana qarşı yeni qarayaxma kampaniyası planlaşdırılır.
İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinin müxbirinin bu yöndə “Pandora sənədləri” haqqında sualına tutarlı cavab verib. Dövlət başçısı qəti şəkildə bildirib ki, “bütün bu çirkin hekayələrin Azərbaycan xalqı üçün heç bir mənası yoxdur, bunlar Qərbdə bəzi insanların xoşuna gəlmir. Onlar bizi ittiham etmək istəyirlər. İstəyirlər ki, biz onlara tabe olaq. Bizi iradələrinə tabe etdirmək istəyirlər. Mən isə deyirəm: Yox! Mən Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm”.
Biz yaxşı bilirik ki, on səkkiz ildir dövlətə rəhbərlik edən, bundan əvvəl uğurlu sahibkar olan Prezident İlham Əliyev fəaliyyəti ilə əlaqədar biznesdə öz birbaşa iştirakını dayandırmış və biznesini öz ailəsinə ötürmüşdür. Ailəyə məxsus olan bütün biznes fəaliyyəti şəffafdır və beynəlxalq səviyyədə auditdən keçir və heç kəs burada bir şeyin səhv olması iddiası ilə çıxış edə bilməz. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Fond Qarabağda aparılan bir çox işlərdə iştirak edir. Məsələn, Ağdamda, Şuşada və Zəngilanda bütün məscidlərin bərpasına sərmayə yatırır. Bu işlər Fondun pulu hesabına maliyyələşdirilir. Beş mindən çox qaçqın ailəsi üçün evlər tikilib. Bütün mirası pişiklərə və itlərə qoyub gedən Qərbdəki digər insanlardan fərqli olaraq, İtaliya və Azərbaycanda biz ailə dəyərlərinə daha çox üstünlük veririk. Beynəlxalq miqyasda Azərbaycana, onun Prezidentinə olan hörmət olduqca böyükdür, getdikcə daha da artır. Məhz bununla qürurlanır və fəxr edirik ki, Vətənimizi dünyaya tanıtdıran liderimiz var.
Elnur Atakişiyev