• Bz. Noy 24th, 2024

PREZİDENTİMİZ LİDERLİK GÜCÜNÜ BİR DAHA ORTAYA QOYDU

ByYenigun.news

Apr 18, 2021

Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda üç saatdan çox çıxış etdi. Azərbaycan Prezidenti konfrans çərçivəsində bir çox məsələlərə aydınlıq gətirdi, yenə də səbr və təmkinlə sualları cavablandırdı. Konfrans Azərbaycan və region üçün hazırkı reallıq, bundan sonrakı mərhələ haqqında məlumat vermək üçün geniş auditoriya və səmərəli fürsət idi. Müharibənin səngərdə bitib, lakin informasiya məkanında hələ də davam etdiyini nəzərə alsaq, dövlətimizin başçısı aparılan dezinformasiya kampaniyasına tutarlı və faktlarla cavablar verdi. Beləliklə, beynəlxalq aləmin qarşısında Azərbaycan Prezidenti hər zaman olduğu kimi, liderlik və intellektual potensialını bir daha ortaya qoydu.

    Konfransda verilən cavablar bir daha göstərdi ki, Azərbaycan sülhün bərqərar olmasında nə dərəcədə qətiyyətlidir. Artıq müharibədən sonra vəziyyət dəyişib. Atəşkəs əldə olunmasına baxmayaraq, münaqişə ilə bağlı çoxlu suallar qalmaqdadır. Aparıcı ekspertlərin bir araya gəlib yaranmış yeni reallıq və bundan sonraki inkişaf və əməkdaşlıq haqqında, Azərbaycanın bu məsələ barədə dəqiq və konkret mesajlarının, istəklərinin və real addımlarının, gözləntilərinin nələrdən ibarət olduğu haqqında məhz birinci şəxsin dilindən cavablar eşitməsi olduqca mühüm əhəmiyyət kəsb edir. 

    Rəsmi İrəvanın revanş niyyətləri Ermənistan dövlətçiliyinin sonu deməkdir. Hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq.Ermənistan ordusu yoxdur, mənəvi cəhətdən sarsılıb. Azərbaycan müharibə dövründə də məsuliyyətli ölkə kimi davranıb.  Azərbaycan XXI əsrin müharibəsini aparmaqla yanaşı, mənəviyyat müharibəsi aparırdı. Müharibə zamanı hərbi qulluqçularımız ləyaqətlə davranıb, mülki şəxslərə zərər yetirməyib. Ermənistan tərəfində mülki əhali arasında tələfatın 40 nəfərdən az olması bunun əyani sübutudur. 

    Azərbaycan tolerantlıq və multikulturalizm ünvanı kimi dünyada özünü çoxdan təsdiq edib. Bu gün də Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət humanizm ənənələrinə, milli-mədəni irsin qorunub saxlanmasına, ölkədə yaşayan bütün xalqların, etnik azlıqların hüquq və azadlıqlarının, dini etiqad azadlığının təmin olunması prinsipinə əsaslanan siyasəti sayəsində Azərbaycanda bütün dini, tarixi, mədəniyyət abidələri bərpa olunur, mühafizə edilir və xalqımızın zəngin mədəni irsinin mühüm tərkib hissəsi kimi gələcək nəsillər üçün qorunub saxlanılır. Azərbaycan hər zaman dünyada tolerantlıq, əməkdaşlığın, mədəniyyətlər və sivilizasiyalararası dialoqa xüsusi hörmət, ehtiram və qayğısı ilə seçilən öncül ölkələr siyahısındadır. Döyüşlər zamanı mülki əhaliyə atəş açmayan Azərbaycan Silahlı Qüvvələri məsuliyyətli, eyni zamanda, humanist prinsipləri və dəyərləri qoruyub saxlayan ölkənin ordusudur. Torpaqlarımızı işğaldan azad etməklə nəinki ərazi bütövlüyümüzü təmin etdik, həmçinin illərlə sahibsiz qalan, vandalizmə məruz qalan, dağıdılan, ancaq hər daşı bir tarix olan abidələrimizi, irsimizi, dəyərlərimizi və ənənələrimizi millətimizə geri qaytarmış və yenidən qazanmış olduq. Ancaq buna baxmayaraq, İrəvanın vandalizm siyasəti nəticəsində tarixi abidələrimiz, maddi-mənəvi irsimizin qəsdən və riyakarcasına dağıdılması və təhqir olunması beynəlxalq hüquq və ədalət prinsiplərinə sığmayan vandalizm aktının şahidi olduq. İşğaldan azad olunan rayon və kəndlərimizdə abidələrimizi, səfalı guşələrimizi yararsız və dağıdılmış vəziyyətdə görmək çox ağrılıdır. 

   Bununla yanaşı, konfransdan əvvəl iştirakçıların Ağdama səfəri zamanı məhv edilmiş ərazilərin əyani şəkildə göstərilməsi qarşı tərəfin müharibə zamanı və ondan sonrakı dövrdə məqsəd və məramının nə olduğunu dəqiq anlamaları baxımından mühüm əhəmiyyət kəsb edir. Bütün dünya artıq Ermənistana başa salmalıdır ki, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərini qəbul etsin. Ermənistan bu reallığı dərk etməzsə, itirməyə davam edəcək.

Vidadi Dövlətov, Cəlilabad şəhər sakini, ziyalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir