• Be. Noy 25th, 2024

QƏBUL OLUNMUŞ MİLLİ PRİORİTETLƏR ÖLKƏNİN DAYANIQLI İNKİŞAFINI TƏMİN EDƏCƏK

ByYenigun.news

Apr 29, 2021

Bizə yaxşı məlumdur ki, son 18 ildə ölkəmizin sosial-iqtisadi və mədəni həyatında böyük inkişaf yolu keçilib, Azərbaycanın iqtisadiyyatı dinamik inkişaf edib, beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb, cəmiyyətdə dövlətçilik ənənələri güclənib. Geniş sosial-iqtisadi infrastruktur quruculuğunun uğurla həyata keçirilməsi ölkənin hərbi qüdrətinə də müsbət təsir göstərib.

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu. Bu, vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır. Azərbaycanın hərb və diplomatiya sahəsində əldə etdiyi uğurlar bu gün yeni, sistemli və davamlı islahatlara yol açır. Məhz bu mərhələdə qarşıda duran ən ümdə vəzifələri müəyyənləşdirmək zərurəti yaranmışdır. Bu baxımdan möhtərəm Prezidentimiz İlham Əliyevin növbəti 10 il üçün təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı proqram cəmiyyətimizdə böyük əks-səda doğurub. Dövrümüz üçün çox mühüm əhəmiyyəti olan bu sənəddən görünür ki, milli maraqlar və strateji planlamanın vəhdəti, ölkəmizin yeni siyasi-iqtisadi reallığı, iqtisadi tərəqqinin regionun inkişafını və xalqın rifahını təmin etməsi milli prioritetlərin mütləq üstünlüyüdür. Rəqabətqabiliyyətli iqtisadiyyat, ədalətli cəmiyyət, müasir innovasiyalar, böyük qayıdış və təmiz ətraf mühit bu gün dövlətin idarə olunmasında strategiyanın əsas hədəflərindəndir. Sözügedən strateji idarəetmə metodu, eyni zamanda ölkəmizin gələcək inkişaf mənzərəsini də müəyyən edir. Sözsüz ki, Prezident İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf yolunda addımlayan qüdrətli Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlar hər birimiz tərəfindən böyük iftixarla qarşılanır, təqdir edilir. Ölkə başçısının xalqın güzəranının, sosial-rifah halının artırılmasına xidmət edən məqsədyönlü siyasətinin davamı olan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı proqram da məhz vətəndaşların sosial rifahını, uzunömürlülüyünü, sağlam həyat tərzini, təhsilini, təmiz ekoloji mühitini təmin edilməsinə böyük töhfələr verəcək. Bu da Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğundan xəbər verir. Milli Prioritetlər eyni zamanda Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir. Bütövlükdə, 2030-cu ilə qədər həyata keçiriləcək Milli Prioritetlər dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatı, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyəti formalaşdıracaq, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı yaranacaq, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış baş tutacaq və Azərbaycan təmiz ətraf mühit, “yaşıl artım” ölkəsinə çevriləcək.

Prezident İlham Əliyev üçün dünya ölkələri və bütövlükdə bəşəriyyət üçün olduqca həssas bir dönəmdə çox mühüm təşəbbüslərlə çıxış edir. Cənab Prezidentin başçılığı ilə Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu daxili və balanslaşdırılmış xarici siyasət həm regional, həm də beynəlxalq müstəvidə mövqeyimizin möhkəmlənməsini daha da sürətləndirərək bizi yeni-yeni qələbələrə səsləyir. Bütün bunlar xalqımızı, ölkəmizin hər bir vətəndaşını sevindirir. Vətənin yüksəlişi yolunda yeni-yeni qələbələrə ruhlandırır.

Eyvaz Məmmədov, ADPU Cəlilabad filialının direktor müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir