• C. Noy 22nd, 2024

Qalib əsgərlərimizə və şəhid ailələrinə

ByVuqar Ferzeliyev

Noy 4, 2022

dövlətin qayğısı yüksək səviyyədədir

        Zəfər yoluna çıxdığımız vaxtdan iki il keçir. Xalqımız həmin günü həsrətlə, səbrlə, qəlbi nisgilli düz 30 il gözləməli oldu.  Minlərlə insan torpaq, yurd – yuva dərdini özü ilə əbədi dünyaya apardı. Doğma evlərindən, torpaqlarından didərgin salınan yüz minlərlə soydaşımız ağır illərin çətinliklərinə mətanətlə sinə gərərək ürəklərində vətən, torpaq sevgisi yaşatdılar. Şəhidlərimizin ruhu rahatlıq tapmadı, əsir şəhər  və kəndlərimiz boynu bükük yollara boylandılar,  igid oğlanlarımızın, əyilməz əsgər və zabitlərimizin hücum edib azğın düşməni məhv edəcəkləri günü gözlədilər. 

       Nəhayət o gün gəldi. 44 günlük müharibədə qazanılmış Zəfər Azərbaycanın hərb tarixində qızıl səhifə oldu. Əsgərlərimizin yüksək döyüş ruhu və əzmkarlığı bizə qələbə qazandırdı. Onların və qəhrəman şəhidlərin boynumuzda haqqı var. Onlara ölkəmizdə xüsusi diqqət göstərilir, dövlət tərəfindən bütün lazımi işlər görülür. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilmişdir. İndiyədək 10 mindən artıq şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilmişdir. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonuna qədər mənzillər veriləcəkdir. Müharibə əlillərinə 7 mindən artıq minik avtomaşını verilmişdir. “YAŞAT” Fondu tərəfindən indiyədək 75 milyondan artıq vəsait toplanmış və müvafiq istiqamətlər üzrə həmin vəsaitin xərclənməsi davam etdirilir.

 Postmüharibə dövründə şəhid ailə üzvləri və müharibə iştirakçılarından ibarət 93 min nəfərə 103 min sosial ödəniş təyin olunub. Mənzil proqramı beş dəfə genişləndirilib, 2021-ci ildə 3000, postmüharibə dövründə 3500 mənzil verilib. Beləliklə, ümumilikdə 12500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə, 7400 müharibə əlili avtomobillə təmin olunub. Vətən müharibəsinin 200 hərbçisi, ümumilikdə 300 müharibə əlili son nəsil protezlərlə, 1400 müharibə əlili 17 min reabilitasiya vasitəsi, 5 min ailə sosial-psixoloji, 1500 şəxs reabilitasiya xidmətləri ilə təmin edilib. 11 min şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub, vahid əlaqələndirmə mərkəzləri tərəfindən isə 30 min şəxsə xidmətlər göstərilib.Hər kəs əmin ola bilər ki, dövlət öz əsgərinin yanında olacaqdır.

        Bu müharibənin uğurları, faktiki gedişləri, əsgər və zabitlərimizin şücaəti, xalqımızın əzmi və birliyi, ilk növbədə Azərbaycan Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin uzaq görən siyasəti, qətiyyəti haqqında çox yazılıb və bundan sonra da müharibə mövzusu, qələbə müjdələri xalqımızın qəlbində zaman – zaman çağlayacaqdır. Nə qədər çətin, ağrılı olsa da, şəhidlər versək də, şəhər və kəndlərimiz dağılsa da, iqtisadiyyatımıza külli miqdarda ziyan dəysə də qələbədən qürur duyuruq, uğurlarımızla, düşməni susdurmağımızla, təcəvüzkarları alçaltmağımızla fəxr edirik. İkinci Qarabağ müharibəsi Azərbaycanın qəhrəmanlıq tarixidir.  

         Bu günlərdə Prezidentimizlə, ordumuzla, xalqımızla, bizə dəstək verən dost ölkələrlə öyünməyə, fəxr etməyə haqqımız vardır. Biz cəlilabadlılar bütün Azərbaycan xalqını bu möhtəşəm tarixi Zəfər münasibətilə ürəkdən təbrik edirik, şəhid övladlara Allahdan rəhmət diləyirik, qazilərimizə cansağlığı arzulayırıq.

                                                                                                                        Habil Abışov,

                     Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Privolnoye kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir