• Bz. Noy 24th, 2024

QALİBİYYƏTİN TƏNTƏNƏSİ

ByYenigun.news

Mar 23, 2021

Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 15-də işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarına, o cümlədən Hadrut qəsəbəsi və Şuşa şəhərinə səfər ediblər. Qəhrəman əsgər və zabitlərimiz Ali Baş Komandanı izdiham və qürur hissi ilə qarşılayıblar. Bu, sözün əsl mənasında qalibiyyətimizin təntəsi idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyət, iradə, əzm, milli ruh və yüksək idarəçilik dəyərləri və rəhbərliyi, xalqımızın vətənpərvərlik duyğularının birgə həmrəyliyi ilə Azərbaycan ordusu tarixinin ən şanlı və şərəfli qələbəsini qazanmış olub.

  Bu dəfə də ölkə başçısı bütün təhlükələrə rəğmən, böyük cəsarət və qətiyyət göstərərək Füzuli və Xocavənd rayonlarına səfər etdi və öz zəfər sevincini xalqla bölüşdü. Bir daha əyani şəkildə gördük ki, xalqın rəğbəti, məhəbbəti və dəstəyini qazanmaq hər bir ölkə başçısı üçün ən böyük mükafatdır. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini qarşılayan qalib xalq öz sevgi və etimadını nümayiş etdirir. Hər zaman xalqın dəstəyinə arxalanan Prezidentimiz xalqın məhəbbətinə layiq görülüb. Bu isə onu göstərir ki, bütün dövrlərdə və yaşanan hadisələrdə Prezidentin seçimi xalqın yanında olmaqdan ibarət olub. Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı bu gün xalqın qalib ruhunun parlaq göstəricisidir. Xalqın qəhrəman Ordumuza inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbənin ideoloji əsasıdır. Birliyə dəvət edən Prezident xalqın dəmir yumruq kimi birləşməsinin əsas səbəbidir.
   44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qətiyyəti və şücaəti ilə Hadrutun azad edilməsi böyük ölçüdə müharibənin taleyini həll edən əməliyyat idi. Çünki məhz Hadrutu azad edəndən sonra Azərbaycan Ordusunun xüsusi təyinatlıları həmin istiqamətdən Şuşaya doğru irəliləməyə başladı. Halbuki, düşmən Şuşaya hücumun bu istiqamətdən olacağını heç ağlına da gətirməmişdi.
    Bölgələrdə Prezident İlham Əliyevin izdihamla qarşılanmasının ölkəmizdə yaşanan xalq-iqtidar birliyinin təcəssümü olduğunu vurğulayarkən deməliyik ki, xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsindəki qələbəmiz milli birliyin nəticəsidir. Xalqın qələbə və tarixi ədalətin bərpa olunması ilə bağlı arzularının reallaşması milli birlikdən keçib. Prezident İlham Əliyevin ölkənin birinci xanımı ilə birgə işğaldan azad olunmuş ərazilərə səfəri qələbənin rəsmiləşdirilməsi deməkdir.
  Prezidentin dediyi kimi,  Azərbaycan burada yaşayan bütün xalqların tarixinə, dininə və mədəniyyətinə hörmət edən dövlətdir. Müharibə Azərbaycan və Ermənistan arasında olan fərqi bir daha dünyaya aşkar şəkildə nümayiş etdirib. Bizim bütün şəhərlərimiz dağıdılıb, bütün kəndlərimiz dağıdılıb, tarixi abidələr dağıdılıb, məscidlər dağıdılıb, qəbirlər dağıdılıb, misli görünməmiş vandallıq, barbarlıq törədilib. Bütün binalarımızı dağıdıblar, məscidlərimizi dağıdıblar. Məscidlərdə heyvan saxlayıblar. Bizim müqəddəs abidələrimizi təhqir ediblər. Azərbaycanlıların tikdirdikləri, - ermənilər orada qanunsuz yaşayıblar, - o evləri noyabrın 10-dan dekabrın 1-nə qədər yandırıblar, dağıdıblar, meşələri qırıblar. Su elektrik stansiyalarını dağıdıblar. Biz isə ancaq öz torpaqlarımızı azad etmişik. Budur, bizim aramızda olan fərq;
    Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Ordumuz rəşadət və şücaəti ilə təkcə işğal altında torpaqlarımızı azad etmədi, eyni zamanda, çoxəsirlik tariximizi, qədim mədəniyyət və incəsənətimizi xalqımıza qovuşdurdu. Prezident İlham Əliyev bu səfəri ilə ötən 30 il ərzində ərazi bütövlüyü uğrunda həyatından və canından keçmiş şəhidlərimizin də, Pənahəli xanın da, Hüseyinqulu xanın da, İbrahim xanın da, Molla Pənah Vaqif, Xurşidbanu Nətavan, Uzeyir Hacıbəyov və digərlərinin ruhunu şad etdi.  Hazırda işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələr fasiləsiz icra olunur. 15 mart tarixində Füzuli-Hadrut avtomobil yolunun təməlqoyma mərasimi təşkil olunmuşdur. Bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıyır. Özü də bu, birinci layihə deyil. Artıq bir neçə yol layihəsi icra edilməkdədir. Füzulidən Şuşaya yol çəkilir, Bərdə-Ağdam yolunun çəkilişi yaxın gələcəkdə icra ediləcəkdir. Horadizdən Zəngilana qədər yol çəkiləcək, uzunluğu 13 kilometr olan Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu 4 hərəkət zolaqlı olacaq, avtomobil körpüləri inşa ediləcək. Bizim hər birimiz azərbaycanlı olaraq bütün bunlardan ötrü ölkə başçısına hədsiz dərəcədə minnətdarıq.

Cahangir Muradov, ziyalı, Cəlilabad Rayon Ağsaqqallar Şurasının üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir